İki il əvvəl yoxa çıxan qadın dənizin ortasında tapıldı - FOTO/VİDEO
Kolumbiyanın Puerto-Kolombiya şəhəri yaxınlığında balıqçılar dənizin ortasında iki il əvvəl itkin düşən qadını aşkarlayıblar.
Bu barədə “The Sun” məlumat yayıb.
Məlumata görə, balıqçı Roland Visbal və dostu Gustavo dənizə balıq tutarkən suda dreyf halında olan bir qadını görüblər. Xilas etdikdən sonra qadının səkkiz saata yaxın suda olduğu, bərk üşüdüyü və taqətsiz olduğu öyrənilib.
Qadından başqa heç nə öyrənmək mümkün olmayıb, o, ancaq ağlayıb. Balıqçılar qadını xəstəxanaya çatdırıblar. Orada məlum olub ki, bu, 46 yaşlı Ancelika Qaytandır, o iki il əvvəl ailəsi tərəfindən axtarışa verilib.
Sonradan Qaytan ilk hamiləliyindən başlayan və 20 il davam edən məişət zorakılığından əziyyət çəkdiyini deyib.
“Ərim məni döyür, təhqir edirdi, mənə qarşı qəddar idi. İkinci hamiləlik dövründə şiddət davam etdi, amma qızlarım uşaq olduğu üçün ondan ayrıla bilmirdim”.
Kolumbiyalı qadın döyüldüyünü dəfələrlə polisə bildirib, ancaq əri yalnız bir gün saxlanılıb, sonra sərbəst buraxılıb və hücumlar davam edib.
Gaytan 2018-ci ilin sentyabrında ərinin onu öldürməyə cəhd etməsindən sonra evdən çıxdığını deyib. O, Barranquilla küçələrində altı ay qaldıqdan sonra, bir sığınacağa yerləşdirilib. Oradan da çıxarıldıqdan sonra dərin depressiyaya düşüb və özünü dənizə atıb. Balıqçılar da onu bu halda tapıblar.
Ancaq qadının ailəsi deyilənləri təkzib edib. Qızı Aleksandra atasının heç vaxt şiddət göstərmədiyini deyib:
“Kimin ona hücum etdiyini və dənizə necə düşdüyünü bilmirik”.
O, anasının illərdir ürək problemlərindən əziyyət çəkdiyini və infarktdan sonra zehni pozğunluqlar yaşadığını deyib.
Hazırda qızları analarını Boqotaya qaytarmaq üçün pul toplayırlar.