Aİ-nin hesabatı: “Gürcüstanda məhkəmə sistemində ardıcıl ikinci ildir geriləmə müşahidə olunur”
Avropa İttifaqının Gürcüstanla bağlı 2025-ci il genişlənmə paketində qeyd olunur ki, ölkə məhkəmə sistemi və fundamental hüquqlar sahəsində hazırlığın erkən mərhələsindədir və artıq ikinci ildir ki, bu istiqamətdə geriləmə qeydə alınır.
InterPress.ge xəbər verir ki, hesabatda bildirilir ki, 2025-ci ilin iyununda qəbul edilmiş qanun dəyişiklikləri Gürcüstanın məhkəmə sisteminin müstəqilliyini və dürüstlüyünü zəiflədir, daha əvvəl həyata keçirilmiş islahatları isə geri aparır:
“Ümumi məhkəmələr haqqında qanuna edilən dəyişikliklər məhkəmə hakimiyyətinin legitimliyini sarsıdır, əsas məhkəmə institutlarının və hakimlərin hesabatlılığına və qərəzsizliyinə təhlükə yaradır. Dəyişikliklər sürətlə, geniş ictimai müzakirə və lazımi məsləhətləşmələr olmadan qəbul olunub.”
Sənəddə vurğulanır ki, bu dəyişikliklər Venesiya Komissiyasının və Avropa Komissiyasının “doqquz addım” adlı tövsiyələrinə ziddir və məhkəmə hakimiyyətinin siyasi nəzarət altına düşməsi riskini artırır.
Avropa Komissiyası bildirir ki, Ali Ədliyyə Şurasının yenilənmiş tərkibi və seçki qaydaları, hakimlərin intizam məsuliyyəti ilə bağlı dəyişikliklər, həmçinin müfəttiş xidmətinin bu Şuraya inteqrasiyası məhkəmə sisteminin müstəqilliyini və şəffaflığını ciddi şəkildə zəiflədir. Bundan başqa, 2025-ci ilin iyununda qəbul edilmiş dəyişikliklərlə ictimaiyyətin məhkəmə proseslərinə çıxışı Ali Ədliyyə Şurasının qərarından asılı vəziyyətə salınıb.
Hesabatda həmçinin qeyd olunur ki, yeni baş prokuror 2025-ci ilin iyununda sadə çoxluq səsilə və sələfinin mandatı başa çatmadan dörd il əvvəl təyin edilib. Gürcüstan prezidenti tərəfindən Ali Ədliyyə Şurasına təyin edilmiş qeyri-hakim üzvün namizədliyi ləğv olunub və onun yerinə Tbilisi Məhkəməsinin qərarı ilə rəqib namizəd təyin edilib.
Avropa Komissiyasına görə, bu addımlar Gürcüstanda məhkəmə sistemindən siyasi repressiya aləti kimi istifadə olunduğunu göstərir:
“Etirazçılara qarşı sərt və qeyri-proporsional cəzaların təyin edilməsi hakim partiyanın məhkəmə sistemindən təzyiq vasitəsi kimi istifadə etdiyini nümayiş etdirir.”
Hesabatda Gürcüstana bir sıra tövsiyələr də yer alıb. Aİ Komissiyası hökumətdən ümumi məhkəmələr haqqında qanuna edilən dəyişiklikləri ləğv etməyi, Ali Ədliyyə Şurasının səlahiyyətləri ilə bağlı Venesiya Komissiyasının tövsiyələrinə tam uyğun yeni qanunvericilik qəbul etməyi tələb edir.
Aİ-nin əlavə tövsiyələrinə görə:
• Gürcüstan məhkəmə sistemində daha geniş islahat həyata keçirməli, Ali Ədliyyə Şurasının üzvləri üçün sabit və yenilənməyən müddətlər müəyyən edilməlidir;
• Beynəlxalq ekspertlərin iştirakı ilə xüsusi “dürüstlük yoxlaması sistemi” yaradılmalıdır — bu ekspertlər Ali Ədliyyə Şurasına, Ali Məhkəməyə və digər məhkəmə rəhbərliyinə namizədlərin qiymətləndirilməsində həlledici rol oynamalıdır;
• Baş prokurorun təyinat qaydası dəyişdirilməli, o, parlamentdə sadə çoxluqla deyil, ixtisaslı çoxluqla seçilməlidir;
• Prokurorluq haqqında qanun Avropa standartlarına, Venesiya Komissiyasının və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tövsiyələrinə uyğunlaşdırılmalıdır.


