Kobaxidze: “İqtisadiyyat hökumətin əsas prioritetlərindən biri olaraq qalacaq”
"Yanvar–sentyabr aylarını əhatə edən ilk üç rübün nəticələrinə görə ölkənin iqtisadi artımı 7,7 faiz təşkil edib."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazirin sözlərinə görə, Gürcüstanın iqtisadi inkişafının davamlılığı hökumətin fəaliyyətində əsas prioritetlərdən biri olacaq.
“İlin ilk üç rübünün – yanvar-sentyabr aylarının nəticələrinə əsasən, iqtisadi artım 7,7 faiz olub. Beynəlxalq Valyuta Fondu proqnozunu 7,2 faizə qaldırıb, lakin bu göstəricilərdən görünür ki, biz həmin proqnozu da artıqlaması ilə yerinə yetirəcəyik. Bu templərin qorunması bütün baxımdan vacibdir. Təbii ki, iqtisadi artım milli valyutanın sabitliyinin təmin olunmasına da imkan verir. Sevindiricidir ki, bu il valyuta ehtiyatları artıq 5,6 milyard dollara çatıb – bu, rekord göstəricidir. Milli Banka və onun prezidentinə gördükləri iş üçün bir daha təşəkkürümü bildirirəm. Valyutanın sabitliyi məhz iqtisadi artımın davamlılığının nəticəsidir,” – deyə Kobaxidze vurğulayıb.
Baş nazir əlavə edib ki, hökumət yeni iqtisadi təşəbbüslər üzərində işləyir və iri investisiya layihələrinin həyata keçirilməsi artıq başlanılıb.
“Yeni təşəbbüslərimiz var ki, bunlar gələcəkdə iqtisadi inkişafı daha da stimullaşdıracaq. Hazırda böyük bir investisiya layihəsi icra mərhələsinə keçir və bu da iqtisadi artıma töhfə verəcək. Gələcəkdə də iqtisadiyyat əsas diqqət mərkəzində olacaq və bu, hökumətimizin fəaliyyətində ən prioritet istiqamətlərdən biri olacaq,” – deyə Kobaxidze qeyd edib.


