Nərgiz Əliyeva bələdiyyə məclisindəki fəaliyyətini başa vurdu: “Satmadım, satılmadım!”
Vahid Milli Hərəkat Partiyasının üzvü, Marneuli Bələdiyyə Məclisinin üzvü Nərgiz Əliyeva 4 illik deputatlıq fəaliyyətinin başa çatdığını açıqlayıb. O, bu barədə şəxsi açıqlamasında bildirib ki, növbəti bələdiyyə seçkilərində namizədliyini irəli sürmədiyi üçün artıq məclisdə seçicilərinin səsi olmayacaq.
Əliyevanın sözlərinə görə, o, namizəd olsaydı, seçicilərin dəstəyi ilə yenidən yüksək nəticə əldə edəcəyinə əmin idi. Lakin deputat seçildiyi əvvəlki seçkilərdə seçicilərin səsinin “qarşı tərəfə yazıldığı” iddiasını xatırladaraq, ölkədə azad və demokratik seçkilərə inamının itməsi səbəbindən bu il yarışa qoşulmadığını vurğulayıb.
“Mən müxalifət deputatı olduğuma görə xalqın səsi eşidilmədi. Güc və resurs sahibləri nə məni, nə də xalqı dinlədi. Məclisdə çoxluq xalqın səsinə kar oldu”, – deyə o qeyd edib.
Nərgiz Əliyeva deputatlıq müddətində vətəndaşların problemlərinin həlli üçün çalışdığını, lakin bir çox məsələdə nəticə əldə edə bilmədiyini bildirib. O, ictimai fəaliyyətini vicdanla həyata keçirdiyini, heç vaxt prinsiplərindən dönmədiyini xüsusi vurğulayıb:
“Satmadım, satılmadım! Seçkilərdə saxta müxalifət olmadım! Səhər müxalifət, axşam hakimiyyət bayrağı tutmadım! Xalqımın iradəsinə qarşı çıxmadım, idealarıma xəyanət etmədim!”
Əliyeva çıxışında ailəsinə, xüsusilə atasına verdiyi tərbiyəyə görə təşəkkür edib və həyat yolunda heç bir zaman şəxsiyyətini ləkələmədiyini bildirərək bununla fəxr etdiyini qeyd edib.
Sonda o, 4 il ərzində ona etimad göstərən seçicilərə minnətdarlıq bildirərək bundan sonra da xalqın xidmətində olacağını söyləyib.


