21 
Okt
2025
09:52
323

Maka Boçorişvili: “Heç kim bizi vizasız rejimin dayandırılması ilə qorxuda bilməz”

"Ölkənin sabitliyi və təhlükəsizliyi, vizasız rejimin dayandırılması ilə edilən təhdidlərdən qat-qat önəmlidir."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

O, “Rustavi 2” telekanalına verdiyi açıqlamada qeyd edib ki, Avropa İttifaqının bəzi dairələrinin Gürcüstana qarşı “şantaj dili” işlətməsi və vizasız rejimi siyasi təzyiq alətinə çevirməyə cəhd etməsi qəbuledilməzdir.

Nazirin sözlərinə görə, diplomatik pasportlarla bağlı verilmiş qərar da hüquqi əsaslardan uzaq olub və ilin sonunda Avropa İttifaqının nəyi müzakirə edəcəyi, hansı qruplara bu qərarın şamil olunacağı aydın deyil.

“Bu məsələ ilə bağlı Kaja Kallasın əvəzinə danışmaq istəmirəm, amma mənə aydın deyil ki, bu ‘qrup’ dedikləri kimlərdir. Diplomatik pasportlara münasibətdə qəbul edilmiş qərar isə hüquqi baxımdan tamamilə əsassız idi. Bu qərar siyasi motivlərlə verilib, lakin bununla ölkə dağılmadı. Diplomatik pasporta malik olanlar sadəcə viza alaraq səfər edirlər – bu, tam normal prosedurdur,” – deyə Boçorişvili bildirib.

O əlavə edib ki, Brüsseldəki bəzi bürokratik dairələr hökumət üzvlərinə və parlamentarilərə qarşı təzyiq mexanizmi kimi bu vasitədən istifadə etməyə çalışır, lakin bu cəhdlər nəticə verməyəcək:

“Bizə dəfələrlə bildirilib ki, guya hakimiyyət olaraq vizasız rejimin dayandırılması ilə qorxudulmalıyıq. Amma heç kim bizi bununla qorxuda bilməz. Çünki bu məsələnin qarşı tərəfində ölkənin sabitliyi, təhlükəsizliyi və gələcəyi dayanır – bu, həm ölkəmizin, həm də övladlarımızın gələcəyi üçün həyati əhəmiyyət daşıyır.”

Nazir Lüksemburqda keçirilən Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşünə də toxunaraq bildirib ki, Gürcüstan məsələsi müzakirə olunarkən yenidən “vizasız rejimlə bağlı təzyiq cəhdləri” müşahidə edilib:

“Biz açıq şəkildə gördük ki, Gürcüstanla bağlı vizasız rejimin ləğvi mövzusu əsassızdır və bu istiqamətdə irəliləmək mümkün deyil. Avropa İttifaqında bu ideyanı dəstəkləyən kifayət qədər tərəfdar yoxdur. Hətta Gürcüstanın ən sərt tənqidçiləri belə, vətəndaşlara qarşı bu addımın atılmasının yolverilməz olduğunu bildiriblər.”

Boçorişvili qeyd edib ki, bəzi dairələr hələ də bu məsələni təzyiq vasitəsinə çevirmək üçün yollar axtarır:

“2010-cu ildə imzalanmış sazişin müəyyən hissəsinin dayandırılması artıq bu istiqamətdə istifadə edilib. Nəticədə diplomatik pasport sahibləri üçün vizalı rejim tətbiq olunub. Amma biz bu cəhdlərin qarşısında dayanacağıq, çünki ölkəmizin sabitliyi və təhlükəsizliyi hər şeydən önəmlidir.”

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər