17 
Okt
2025
12:35
245

Ceyhun Məhəmmədəli: “Kobaxidzenin bəyanatı hakimiyyətin çoxmillətli vətəndaşlara münasibətini açıq göstərir”

Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Ceyhun Məhəmmədəli Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatına öz Facebook səhifəsində münasibət bildirib.

Məhəmmədəli yazır ki, Kobaxidzenin son açıqlamaları “A qızım sənə deyirəm, a gəlinim sən eşit” misalını xatırladır: “Baş nazir Avropanı bədbəxt gündə olmaqda, miqrasiya və Muhamməd adlarının çoxalmasında günahlandırır. Amma bu, dolayı yolla Gürcüstanda yaşayan azsaylı xalqlara və müsəlman icmasına yönəlib.”

Onun sözlərinə görə, bu fikirlər təkcə Kobaxidzenin şəxsi mövqeyi deyil, hakimiyyətin ümumi düşüncə tərzini əks etdirir: “Bu gün Muhamməd, Əli və Məmməd adlarının çoxalmasını Avropa üçün problem görən adam sabah eyni şeyi Gürcüstan üçün də problem sayacaq. Sadəcə indi buradakı vətəndaşların reaksiyasından qorxduğu üçün açıq danışmır.”

Ceyhun Məhəmmədəli əlavə edib ki, hazırkı hakimiyyət fərqli millət və dinə mənsub vətəndaşları daim təhlükə kimi görür: “Bu münasibət nəticəsində xalq öz doğma vətənində özünü yad kimi hiss edir, haqlarının heç vaxt tanınmayacağına inanır.”

Sonda o, Kobaxidzeni dözümlülüyə və müxtəlifliyə hörmətə çağırıb: “Allah dünyanı rəngarəng yaradıb. Dünya da, Gürcüstan da bu rəngarəngliklə gözəldir. Qorxu və şübhə ilə yox, sevgi və diqqətlə yanaşmaq lazımdır. Allah rəngarəng, gözəl və dəyərli Gürcüstanımızı qorusun.”

Bizimlə əlaqə saxlayın