İrakli Kobaxidze: “Təhsil qrantlarının dəyəri bütün universitetlər üçün eynidir — bu sistem yenidən baxılmalıdır”
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkədə hazırkı ali təhsil maliyyələşdirmə modeli qeyri-effektivdir, çünki bütün universitetlər və ixtisaslar üçün dövlət qrantının məbləği eynidir — 2 250 lari.
Kobaxidze bu barədə təhsil islahatlarının təqdimatı zamanı danışıb və qeyd edib ki, belə sistem fərqli ixtisasların müxtəlif ehtiyaclarını nəzərə almır və dövlətin strateji məqsədlərinə də uyğun deyil.
“Hazırda mövcud olan qrant sistemi düzgün deyil. Dövlət hər bir tələbə üçün bir növ vauçer verir və bu vauçerin dəyəri bütün universitetlər və ixtisaslar üzrə tam eynidir — 2 250 lari. Heç bir fərq yoxdur. Biz hesab edirik ki, bu, yenidən baxılmalıdır. Sistem müxtəlif ixtisasların spesifik tələblərini nəzərə almır. Bundan əlavə, maliyyələşdirmə mexanizmi dövlətin strateji hədəflərinə yönəlməyib. Dövlət nəyisə maliyyələşdirirsə, konkret məqsədi olmalıdır. Hazırda isə dövlət məqsədləri ilə maliyyə mexanizmləri arasında heç bir əlaqə yoxdur,” — deyə baş nazir vurğulayıb.
Kobaxidzenin sözlərinə görə, hökumət təhsil sektorunda maliyyə modelinin yenilənməsi və resursların daha məqsədyönlü bölüşdürülməsi istiqamətində yeni təkliflər üzərində işləyir.


