Avropa Parlamenti: “Gürcüstandakı seçkilər məhdud mühitdə keçirildi — ‘Gürcü Arzusu’ demokratik prinsipləri pozur”
Avropa Parlamenti üzvləri Gürcüstanda 2025-ci il 4 oktyabrda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunur ki, seçkilər “məhdudlaşdırılmış və təzyiq altında olan siyasi və ictimai mühitdə” baş tutub.
Avropa deputatlarının sözlərinə görə, seçkilər “Gürcü Arzusu” partiyasının özünü təyin etmiş rəsmiləri tərəfindən aylarla davam edən təzyiqlər, vətəndaş cəmiyyətinə, müstəqil mediaya və siyasi müxalifətə qarşı həyata keçirilən repressiyalar fonunda keçirilib.
“Biz pisləyirik ki, rəsmi şəxslər etibarlı beynəlxalq müşahidəçilərin, o cümlədən ATƏT/DTİHB nümayəndələrinin iştirakını faktiki olaraq əngəllədilər — dəvət gecikdirildi və yerli QHT-lərin müşahidə imkanları məhdudlaşdırıldı,” – bəyanatda qeyd olunur.
Avropa parlamenti üzvləri həmçinin seçkilərdən sonra Tbilisi küçələrində baş vermiş zorakı toqquşmalarla bağlı narahatlıqlarını bildiriblər və bütün tərəfləri sakitliyə çağırıblar.
“Biz ‘Gürcü Arzusu’nu demokratiyaya qarşı hücumlarını dayandırmağa, toplanma və ifadə azadlığına hörmət etməyə, saxlanılan nümayişçiləri azad etməyə və qanunsuz həbs olunanların dərhal buraxılmasına çağırırıq,” – deyə bəyanatda vurğulanır.
Avropa deputatları həmçinin Avropa İttifaqına və onun üzv dövlətlərinə qarşı artan aqressiv ritorikanı, o cümlədən Aİ səfirlərinə, Avropa siyasətçilərinə və üzv ölkələrə qarşı yönəlmiş şəxsi hücumları sərt şəkildə qınayıblar.
Bəyanatda qeyd olunur ki, “Gürcü Arzusu”nun müxalifət partiyalarını qadağan etmək niyyəti Gürcüstanın avtoritar idarəetmə istiqamətində yeni mərhələyə keçdiyini göstərir.
“Biz Avropa İttifaqını və üzv dövlətləri dərhal hərəkətə keçməyə və ‘Gürcü Arzusu’nun əsas siyasi liderlərinə və rəsmilərinə qarşı fərdi sanksiyalar tətbiq etməyə çağırırıq. Bu şəxslər demokratik geriləmə, seçki saxtakarlıqları, insan haqlarının pozulması və siyasi rəqiblərin təqibinə görə məsuliyyət daşıyırlar. Xüsusilə Bidzina İvanişvili və İrakli Kobaxidzeyə qarşı sanksiyalar tətbiq olunmalıdır,” – deyə sənəddə qeyd edilir.
Birgə bəyanata Avropa Parlamentinin yüksək səviyyəli nümayəndələri imza atıblar:
David McAllister – Xarici Əlaqələr Komitəsinin sədri,
Mounir Satouri – İnsan Hüquqları Altkomitəsinin sədri,
Sergey Lagodinsky – Avropa Parlamentinin Euronest Assambleyasındakı nümayəndə heyətinin rəhbəri,
Nils Ušakovs – Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri,
Rasa Juknevičienė – Avropa Parlamentinin Gürcüstan üzrə daimi məruzəçisi.
Bəyanat Gürcüstandakı son siyasi hadisələr və 4 oktyabr seçkiləri ilə bağlı Avropa İttifaqı tərəfindən verilmiş ən sərt qiymətləndirmələrdən biri kimi qiymətləndirilir.


