06 
Okt
2025
12:35
271

Ana Citlidze: “Aİ-nin bəyanatı sübut etdi ki, yeganə doğru qərar seçkiləri boykot etmək və etiraz idi — 4 oktyabrda seçkilər deyil, rus xüsusi əməliyyatı baş tutdu”

"Avropa İttifaqının son açıqlaması bir daha təsdiqlədi — Gürcüstanda keçirilmiş 4 oktyabr seçkiləri demokratik proses deyil, “rus xüsusi əməliyyatı” idi."

InterPess.ge xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri, Ana Citlidze bəyan edib.

Citlidzenin sözlərinə görə, ölkədə “rejimin məğlubiyyətinə” aparan yeganə yol əməkdaşlıqdan imtina, boykot və davamlı müqavimətdir.

“Avropa İttifaqının bu bəyanatı bir daha sübut etdi ki, ilk gündən dediyimiz kimi, yeganə doğru və prinsipial qərar bu saxta seçkiləri boykot etmək və etiraz idi. Gürcüstanda heç bir real seçki keçirilmədi — bu, 4 oktyabrda ‘seçki’ adı altında keçirilən rus xüsusi əməliyyatı idi. Bu prosesə beynəlxalq müşahidəçilər də nəzarət etmirdilər. Buna görə də beynəlxalq tərəfdaşlarımızın bu reaksiyası tamamilə məntiqlidir,” – deyə Citlidze bildirib.

O xatırladıb ki, Avropa İttifaqı və digər beynəlxalq qurumlar hələ 4 oktyabra qədər Gürcüstandakı avtoritar şəraitin azad və ədalətli seçkilərə imkan vermədiyini dəfələrlə bəyan etmişdilər.

“Bu ‘seçkilər’ hər cür demokratik norma olmadan keçirildi. Bu, həm də dərs olmalıdır — xüsusilə o iki müxalif partiya üçün ki, bütün xəbərdarlıqlara baxmayaraq, seçkilərə qatıldılar. Onların ‘Gürcü Arzusu’nun yazdığı nəticələrlə üzləşməsi bu prosesin mahiyyətini bir daha göstərdi,” – deyə siyasətçi əlavə edib.

Ana Citlidzenin fikrincə, hazırkı vəziyyətdə Gürcüstanda dəyişiklik üçün yeganə real strategiya “rejimlə əməkdaşlıqdan tam imtina, boykot və davamlı mübarizə”dir.

Xatırladaq ki, Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və genişlənmə məsələləri üzrə komissar Marta Kos Gürcüstanda keçirilmiş yerli seçkilərlə bağlı birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunur ki, seçkilər “fikir müxtəlifliyinin genişmiqyaslı boğulması şəraitində” keçirilib.

Bizimlə əlaqə saxlayın