22 
Fev
2020
17:38
924

Çindən evakuasiya olunan həmvətənlərini Ukraynada barrikada və daşlarla qarşılayıblar

Ukraynada Çinin koronavirus epidemiyasının yayıldığı Xubey əyalətindən evakuasiya olunan insanları gətirən avtobuslar daşqalaq edilib. Avtobuslarda 45 Ukrayna vətəndaşı və 27 nəfər əcnəbi, o cümlədən də bir neçə həkim olub. Onların hamısı müayinədən keçirilib və sağlam olduqları təsbit edilib, onlarda koronavirus simptomları aşkarlanmayıb.

InterPress.ge JamNews-a istinadən xəbər verir ki, bu haqda Ukraynanın Hromadske teleşirkəti məlumat verib.

Təyyarənin endiyi yer və gələcək karantin məkanı əvvəlcədən elan olunmayıb və təyyarə gəlməmişdən bir gün əvvəl Ukraynanın müxtəlif regionlarında etiraz aksiyaları keçirilib.

Yerli sakinlər bəyan ediblər ki, potensial xəstələri qəbul etmək istəmirlər. Lvov vilayətinin Vinniki şəhərində beş yüz nəfərə yaxın insan yerli hospitalın girişini bağlayıb.

Evakuasiya olunanların karantin altına alınmaq üçün aparıldığı Poltava vilayətinin Novıye Sancarı qəsəbəsində yerli sakinlər yolu kəsib.

Aksiya iştirakçıları yolun ortasında ağaclardan böyük ocaq qalayıb, həmçinin insanların yerləşdirilməli olduğu yerli tibb mərkəzinin qarşısını kəsərək avtobusları oraya buraxmamağa çalışıblar.

Bir neçə avtobusun şüşələri daşlarla sındırılıb. Polislər daş atdığı ehtimal olunan bir nəfəri saxlayıb.

Ukraynanın baş naziri Aleksey Qonçarçuk Novıye Sancarı qəsəbəsinə yollanıb və bildirib ki, orada hökumətin operativ qərargahı yerləşdiriləcək.

Son məlumata əsasən, Çində virusdan 2345 nəfər ölüb, 20 659 nəfər sağalaraq xəstəxanalardan buraxılıb, 75 891 nəfər bu virusa yoluxub.

Bizimlə əlaqə saxlayın