25 
Sen
2025
10:52
993

Savalan Mirzəyev: “Qardabanidə əsas prioritetimiz insanların gündəlik həyatını yaxşılaşdırmaqdır”

2025-ci il yerli özünüidarəetmə seçkiləri çərçivəsində Gürcü Arzusu partiyasının fəalları Kvemo Kartlinin müxtəlif rayonlarında, o cümlədən Qardabanidə seçicilərlə görüşlərini davam etdirir. Parlament deputatı Savalan Mirzəyev də partiyanın Qardabani mer namizədi Davit Qarqarateli ilə birgə seçki kampaniyasında fəal iştirak edir.

 O, “InterPress.ge”-yə geniş müsahibəsində seçki prosesi, seçicilərin fəallığı və qarşıda duran hədəflərlə bağlı sualları cavablandırıb.

Savalan Mirzəyevin geniş müsahibəsini təqdim edirik:

– 2025-ci il yerli özünüidarəetmə seçkiləri ilə bağlı seçicilərin fəallığını necə qiymətləndirirsiniz?

– Mənim müşahidələrimə görə, seçicilər bu seçkilərdə kifayət qədər fəaldır. İnsanlar yerlərdə, xüsusən də Qardabani kimi multietnik bölgələrdə öz səsinin qiymətini anlayır. Onlar bilirlər ki, bələdiyyə səviyyəsində qəbul olunan qərarlar birbaşa onların gündəlik həyatına təsir göstərir. Bu səbəbdən seçicilərin marağı əvvəlki illərlə müqayisədə daha yüksəkdir.

– Müəyyən siyasi partiyaların boykot qərarı seçki prosesinə və seçicilərin etimadına necə təsir göstərə bilər?

– Əslində, hər bir siyasi partiya özü üçün qərar verir. Boykot siyasi mübarizənin bir formasıdır, amma mən hesab edirəm ki, demokratik prosesdə iştirak etmək və xalqın etimadını seçki yolu ilə qazanmaq daha düzgün yoldur. Boykot seçkilərin legitimliyinə xələl gətirmir, əksinə, iştirak edən partiyalara daha geniş imkan açır ki, seçicilərin etimadını doğrultsun. Gürcü Arzusu partiyası da məhz buna inanır və seçkilərdə fəal iştirak edir.

– Gürcü Arzusu partiyası seçkilərdə iştirak edən əsas qüvvələrdən biridir. Bu seçkilərdə hansı əsas prioritetləri seçicilərə təqdim edirsiniz?

– Əsas prioritetimiz insanların gündəlik həyatını yaxşılaşdırmaqdır. Sosial-iqtisadi inkişaf, infrastrukturun yenilənməsi, kənd təsərrüfatına dəstəyin artırılması və təhsil sahəsində layihələr bizim proqramımızın əsasını təşkil edir. Qardabani və ümumiyyətlə Kvemo Kartli bölgəsi çox böyük potensiala malikdir və biz bu potensialı reallaşdırmaq üçün konkret layihələr irəli sürmüşük.

– Seçki prosesində şəffaflıq və ədalətli mübarizənin təmin olunması üçün hansı addımlar atılır?

– Gürcü Arzusu hər zaman şəffaf və demokratik seçkilərin tərəfdarı olub. Bizim namizədlərimiz açıq görüşlər keçirir, seçicilərlə birbaşa ünsiyyət qurur, onların problemlərini dinləyir. Bundan başqa, müşahidəçilərin iştirakı, seçki məntəqələrində video-nəzarət sistemlərinin tətbiqi və Mərkəzi Seçki Komissiyasının nəzarət mexanizmləri seçkilərin ədalətli keçirilməsinə zəmanət verir. Bizim üçün əsas olan seçicinin iradəsinin tam şəkildə ifadə olunmasıdır.

– Gürcü Arzusunun Qardabani mer namizədi Davit Qarqarateli ilə birlikdə seçicilərlə fəal görüşlər keçirirsiniz. Bu görüşlərdə əhali ən çox hansı problemləri önə çəkir?

– Qardabanidə seçicilərlə görüşlər zamanı ən çox səslənən problemlər əsasən gündəlik həyatla bağlı məsələlərdir. İnsanlar daxili yol və infrastrukturla bağlı çətinlikləri, içməli su təchizatında olan problemləri və işıqlandırma məsələlərini tez-tez qaldırırlar. Bundan əlavə, gənclərin məşğulluğu və onların bölgədə qalması üçün imkanların yaradılması seçicilərin ən çox narahat olduğu məsələlərdəndir. Bir çox valideyn uşaqlarının yaxşı təhsil almasını və gələcəkdə iş imkanlarının geniş olmasını istəyir. Biz bu problemləri dinləyirik və hər görüşdən sonra konkret planlar əsasında çıxış yolları hazırlayırıq.

– Qardabani rayonunda sosial-iqtisadi problemlərin həlli üçün hakim partiyanın konkret planları nələrdir?

– Gürcü Arzusu partiyası hər zaman bölgələrin inkişafını prioritet hesab edib. Qardabani üçün də çox konkret planlarımız var. İlk növbədə, kənd yollarının təmiri və yenidən qurulması, su təchizatının yaxşılaşdırılması istiqamətində ciddi layihələr həyata keçiriləcək. Kənd təsərrüfatında fəaliyyət göstərən fermerlərə dəstək veriləcək ki, onlar məhsuldarlığı artıra bilsinlər. Ən önəmli məsələlərdən biri də Qardabani gənclərinin bölgədə iş imkanlarına sahib olmasıdır. Bu məqsədlə yeni investisiyalar cəlb ediləcək, kiçik və orta sahibkarlığın inkişafına şərait yaradılacaq.

– Qardabani seçicilərinin dəstəyi üçün digər partiyalara nisbətən Gürcü Arzusunun üstünlükləri nədədir?

– Bizim ən böyük üstünlüyümüz real işlərimizdir. Gürcü Arzusu illərdir həm Qardabani, həm də ümumilikdə Kvemo Kartlidə çoxsaylı layihələr həyata keçirib. İnsanlar bunu görür və qiymətləndirirlər. Biz söz verməklə kifayətlənmirik, vədlərimizi yerinə yetiririk. Digər tərəfdən, bizim komanda yerli problemləri yaxşı tanıyır və onların həlli üçün resurslara sahibdir. Davit Qarqarateli həm Gürcüstan, həm də yerli səviyyədə tanınan, nüfuzlu siyasətçidir və onun mer olması Qardabaninin inkişafı üçün əlavə imkanlar açacaq. Seçicilərimiz yaxşı bilirlər ki, Gürcü Arzusu sabitlik və inkişafın qarantıdır.

– Seçkilərdə rəqabətin zəif olması (boykot səbəbi ilə) Gürcü Arzusunun nəticələrinə necə təsir göstərəcək?

– Əslində, biz rəqabətin güclü və çoxpartiyalı olmasını arzulayırıq, çünki sağlam rəqabət həm siyasi mühitə, həm də seçicilərin etimadına müsbət təsir göstərir. Amma boykot edən partiyalar bu məsuliyyətdən yayınaraq seçiciləri təmsil etmək imkanını əldən verirlər. Bu, Gürcü Arzusunun nəticələrinə yalnız bir mənada təsir edə bilər – yəni bizim daha geniş seçici kütləsinə birbaşa çatmaq imkanımız yaranır. Ancaq qeyd etməliyəm ki, biz bu seçkiləri sadəcə qalib gəlmək üçün deyil, xalqın etimadını doğrultmaq və bölgələrdə real işlər görmək üçün aparırıq. Rəqabətin zəif olması bizi arxayınlaşdırmır, əksinə, daha məsuliyyətli edir.

– Gürcü Arzusunun seçki kampaniyasında əsas mesaj nədir və seçicilərə hansı çağırışlar ünvanlanır?

– Bizim seçki kampaniyamızın əsas mesajı sadədir: “Sabitlik və inkişaf”. Gürcüstanın hər bölgəsində, o cümlədən Qardabanidə insanların rifahı üçün atdığımız addımlar göz qabağındadır. Biz seçicilərə söz veririk ki, başladığımız layihələri sona çatdıracağıq və yeni təşəbbüslərlə insanların həyat keyfiyyətini daha da yaxşılaşdıracağıq. Çağırışımız isə budur: gəlin birlikdə Qardabanini daha güclü edək, gənclərimizə iş imkanları, uşaqlarımıza keyfiyyətli təhsil, ailələrimizə rahat həyat təmin edək. Seçki kampaniyasında biz populizmə deyil, konkret işlərə və real proqramlara üstünlük veririk.

– Lelo və “Qaxaria – Gürcüstan naminə” partiyalarının iştirakını necə qiymətləndirirsiniz? Onların seçkilərdə real rəqib ola biləcəyini düşünürsünüzmü?

– Biz hər bir siyasi partiyanın iştirakını müsbət dəyərləndiririk. Demokratik seçkilərdə rəngarənglik vacibdir. Lelo da, “Qaxaria – Gürcüstan naminə” partiyası da öz ideyaları ilə seçicilərə müraciət edirlər. Amma mən açıq şəkildə deyə bilərəm ki, onların Qardabanidə real rəqib potensialı yoxdur. Çünki burada insanların böyük əksəriyyəti Gürcü Arzusunun illər ərzində gördüyü işlərin nəticəsini görüb və buna inanır. Əlbəttə, hər bir partiyanın iştirak haqqı var, amma seçicilər yaxşı bilir ki, yalnız Gürcü Arzusu onların problemlərini həll edə və bölgənin inkişafını davam etdirə bilər.

– Əgər seçkilərdə Gürcü Arzusu Qardabani merliyini qazanarsa, ilk növbədə hansı islahatlar həyata keçiriləcək?

– Əgər seçkilərdə etimadı qazanıb qalib gələcəyiksə, bizim ilk işimiz seçicilərin görüşlərdə ən çox qaldırdığı problemləri həll etmək olacaq. Bu, infrastrukturdan başlayır – daxili yolların təmiri, kəndlərdə su sistemlərinin dahada yaxşılaşdırılması, küçə işıqlandırmasının yaxşılaşdırılması. Eyni zamanda, kənd təsərrüfatı sahəsində fermerlərə daha çox dəstək veriləcək ki, məhsuldarlıq artsın və bölgə iqtisadiyyatı güclənsin. Sosial sahədə isə təhsil şəraitinin yaxşılaşdırılması əsas prioritetlərimizdən biridir. Biz seçicilərə vəd edirik ki, Qardabani yalnız sabitliklə deyil, həm də inkişafla fərqlənəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər