Gürcüstana pul köçürmələri artıb
2025-ci ilin iyul ayında ölkəyə daxil olan pul köçürmələrinin həcmi 337 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin iyul ayı ilə müqayisədə 13% və ya 38,9 milyon ABŞ dolları çoxdur.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında qeyd olunur.
Rəsmi statistikaya əsasən, ilin əvvəlindən yeddi ay ərzində Gürcüstana ümumilikdə 2 milyard 52 milyon ABŞ dolları məbləğində pul göndərilib.
Pul köçürmələrinin ən böyük hissəsi – 44,3% (149,4 milyon ABŞ dolları) – Avropa İttifaqı ölkələrindən daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% artıb. Ən çox köçürmə edilən ölkələr arasında İtaliya, Almaniya və Yunanıstan ön sıralarda yer alır.
ABŞ-dan gələn pul köçürmələri də artmaqda davam edir. İyul ayında bu ölkədən göndərilən vəsait illik müqayisədə 21,1% artaraq 60,9 milyon ABŞ dollarına çatıb.
Rusiya Federasiyasından göndərilən vəsaitlərdə isə azalma qeydə alınıb. İyul ayında buradan daxil olan köçürmələr ötən ilin eyni ayına nisbətən 0,5% azalaraq 45,3 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə Gürcüstandan xaricə göndərilən pul köçürmələrinin həcmi də artıb. İyul ayında ölkədən 37,3 milyon ABŞ dolları (101,2 milyon lari) göndərilib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 11,4% çoxdur.


