05 
Iyn
2025
09:58
362

Meta 2026-cı ilə qədər reklam strukturunu süni intellektlə tam avtomatlaşdırmağı planlaşdırır

Wall Street Journal-ın yaydığı məlumata görə, dünyanın ən böyük sosial media platformalarının sahibi olan Meta, 2026-cı ilə qədər reklam sistemini tamamilə süni intellektin köməyi ilə avtomatlaşdırmaq niyyətindədir.

InterPress.ge xəbər verir ki, şirkət bu planı hələlik rəsmi olaraq təsdiqləməsə də, qurucusu Mark Zukerberq ötən həftə verdiyi açıqlamada bildirib:

“Reklam strukturunda süni intellektdən istifadə geniş və ölçülə bilən nəticələr verəcək – özü də uzaq olmayan gələcəkdə.”

WSJ qeyd edir ki, Meta yeni bir panel istifadəyə verəcək. Bu panel vasitəsilə brendlər reklam kampaniyalarını süni intellektin dəstəyi ilə hədəfli şəkildə və bütün detalları ilə avtomatik şəkildə hazırlaya biləcəklər.

Yeni texnologiyalar reklamların fərdiləşdirilmiş versiyalarının yaradılmasına, şəkil fonlarının dəyişdirilməsinə və videoların avtomatik redaktəsinə imkan verəcək.

Qeyd edək ki, Google və OpenAI də şəkil və video generasiyası üzrə süni intellekt alətlərini təqdim ediblər. Lakin bu alətlərin geniş şəkildə reklamda istifadəsi hələ sual altındadır. Marketinq mütəxəssisləri hələlik brendin təhlükəsizliyi, yaradıcı nəzarət və keyfiyyət məsələlərinin tam həll olunmadığını düşünürlər.

Məlumata görə, Meta-nın bütün platformalarının ümumi istifadəçi sayı hazırda 3.43 milyard nəfər təşkil edir.

Bizimlə əlaqə saxlayın