Mixeil Sarjveladze: “Qara vəba ilə bağlı panikaya səbəb yoxdur”
Gürcüstanın səhiyyə naziri Mixeil Sarjveladze Rusiyada qara vəba halının qeydə alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirərək, hazırda hər hansı panikaya və əlavə tədbirlərin görülməsinə ehtiyac olmadığını deyib.
InterPress.ge xəbər verir ki, Sarjveladze bu barədə hökumətin iclasından sonra bildirib.
Nazirin sözlərinə görə, xəstəliklə bağlı məlumatların toplandığı ərazi Gürcüstandan çox uzaqda yerləşir və ölkələr arasında gediş-gəlişin intensivliyi də nəzərə alınmaqla, hazırda hər hansı xüsusi tədbirin görülməsi zəruri görünmür.
“Bizim Xəstəliklərə Nəzarət Mərkəzimiz və nazirlik, təbii ki, xəbərləri və bu istiqamətdə toplanan məlumatları fəal şəkildə izləyir. Əsas məlumat mənbələrindən biri Ümumdünya Səhiyyə Təşkilatı kimi qlobal əməkdaşlıq platformasıdır.
Bu məlumatlara əsaslanaraq deyə bilərəm ki, hər hansı panikaya və əsassız ajiotaj yaradılmasına heç bir səbəb yoxdur. Hər hansı tədbirin görülməsinə ehtiyac ümumiyyətlə görünmür, bununla bağlı heç bir tövsiyə də yoxdur. Hazırkı vəziyyət belədir.
Toplanan məlumatların aid olduğu ərazi Gürcüstandan çox uzaqda yerləşir. Gediş-gəlişin intensivliyi ilə bağlı bütün amillər nəzərə alındıqda, hazırda hər hansı tövsiyə olunan tədbirin görülməsinə ehtiyac görünmür. Təbii ki, belə bir zərurət yaranarsa, Gürcüstan əhalisini bu cür risklərdən qoruyacaq istənilən tədbiri dərhal həyata keçirməyə hazırıq”, – deyə Mixeil Sarjveladze bildirib.
Qeyd edək ki, mediada oktyabrın 2-də Rusiyanın Şelехov şəhərindəki rayon xəstəxanasında İrkutsk Qara Vəba ilə Mübarizə İnstitutunun 28 yaşlı laborantı Dariya Şipilovanın ağciyər formasında qara vəbadan öldüyü barədə məlumat yayılıb.
Onun yoluxması ilə bağlı versiyalardan birinə əsasən, Şipilovanın tərkibində vəba patogeni olan sınaq şüşəsi təsadüfən sınıb.
Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət (“Rospotrebnadzor”) isə yayılan məlumatları təkzib edib. Qurum bildirib ki, Şipilova “müəyyən edilməmiş etiologiyalı pnevmoniya” səbəbindən ölüb və onun orqanizmində peşə fəaliyyəti ilə əlaqəli mikroorqanizmlər aşkarlanmayıb.
Qurum həmçinin qeyd edib ki, İrkutsk Qara Vəba ilə Mübarizə İnstitutunda patogenlərlə işləyərkən hər hansı qəza baş verməyib.


