07 
Okt
2026
20:55
90

Avropa Parlamenti Gürcüstan müxalifət partiyalarının qadağan olunması cəhdlərini pisləyib

Avropa Parlamenti Gürcüstanın müxalifət partiyalarının qadağan olunması cəhdlərini sərt şəkildə pisləyib və onlara qarşı Konstitusiya Məhkəməsinə təqdim edilmiş iddianın dərhal geri götürülməsinə çağırıb.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Parlamentinin daha sonra səsverməyə çıxarılacaq qətnamə layihəsinin mətnində qeyd olunub.

Qətnamə layihəsində Avropa Parlamenti fəaliyyət göstərən siyasi müxalifətin demokratiyanın ayrılmaz dayaqlarından biri olduğunu vurğulayıb və legitim siyasi müxalifətin məhkəmə vasitəsilə aradan qaldırılmasının demokratiya prinsipləri ilə ziddiyyət təşkil etdiyini bildirib.

Qətnamədə Avropa Parlamenti:

- Gürcüstan parlamentində təmsil olunan yeganə müxalifət partiyasının qadağan edilməsinin hakimiyyətin hədəfinin yalnız “boykot edən” partiyalar olduğu barədə əvvəlki narrativi aradan qaldırdığını qeyd edir;

- bütün siyasi məhbusların, o cümlədən Elene Xoştariya, Mzia Amaglobeli, Mixeil Saakaşvili, Giorgi Baramidze və Nika Melianın, eləcə də dinc etirazlara görə həbs edilən bütün şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır;

- siyasi motivli “sabotaj” ittihamlarının ləğv edilməsinə çağırır;

- qadağan olunmuş partiyalarla əlaqəli şəxslərə və partiyalara qarşı qeyri-mütənasib qadağalara imkan verən müddəaların geri götürülməsinə çağırır;

- siyasi rəqibləri susdurmaq üçün qanunvericilikdən və dövlət institutlarından sui-istifadə edilməsini pisləyir;

- Avropa siyasi fondlarının fəaliyyətinə maneələrin aradan qaldırılmasına çağırır;

- Gürcüstanda vəziyyətin getdikcə ağırlaşmasına baxmayaraq, Avropa İttifaqı və üzv dövlətlərin əksəriyyətinin konkret nəticələr yaratmaq üçün davamlı olaraq tədbir görməməsindən təəssüfünü bildirir;

- demokratik geriləmə, zorakı repressiyalar və siyasi təqiblərə görə məsuliyyət daşıyan şəxslərə, ilk növbədə Bidzina İvanişvili, İrakli Kobaxidze, Şalva Papuaşvili və Kaxa Kaladzeyə qarşı fərdi sanksiyalar və viza qadağaları tətbiq edilməsi ilə bağlı çağırışını təkrarlayır;

- gürcü xalqının Avropa istəklərinə dəstəyini bir daha ifadə edir;

- formalaşmış siyasi partiyaların qadağan olunmasına yönələn istənilən cəhdin Gürcüstanı Avropa İttifaqından uzaqlaşdıracağı və ölkənin Aİ-yə üzvlüyü istiqamətində hər hansı addımı istisna edəcəyi barədə əvvəlki xəbərdarlığını təkrarlayır;

- Avropa Parlamentinin prezidentinə qətnaməni Avropa İttifaqı Şurasına, Avropa Komissiyasına, Ali nümayəndəyə, üzv dövlətlərə və Gürcüstanın “özünü hökumət elan etmiş” hakimiyyətinə göndərməyi tapşırır.

Qeyd edək ki, qətnamə layihəsinin sonrakı mərhələdə Avropa Parlamentində səsverməyə çıxarılması nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın