Bu gün Kiçik çillə çıxır - Gələn həftə Su çərşənbəsi qeyd olunacaq
Bu gün Gürcüstanda qışın daha soyuq hesab edilən dövrü - Kiçik çillə başa çatır. Sabahdan onu Boz ay əvəzləyəcək...
InterPress.ge saytının məlumatına görə, qış fəsli dekabrın 22-də başlayıb.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır.
Bu təqvimlə dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.
Adətən Böyük çillədən fərqli olaraq Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.
Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.
Bəzi bölgələrdə Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı keçirilir, qovurğa qovrulur, hədik və digər yeməklər bişirilir. "Çillə" sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir.
Bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək.
Martın 3-də Od, martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.