Gürcüstanda bu il ali məktəblərə qəbul olan azərbaycanlıların sayı açıqlanıb
2020-2021-ci dərs ili üzrə Gürcüstanın ali məktəblərinə qəbul olan azərbaycanlı tələbələrin sayı 956 nəfər təşkil edir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən bildirilib.
Həmin tələbələrin 99-u dövlət qrantı hesabına təhsil alacaqlar.
İllik müqayisədə tələbə adını qazanan azərbaycanlı gənclərin sayı 44, dövlət qrantı qazananların sayı isə 3 nəfər artıb.
Azərbaycanlı tələbələrin 935-i universitetlərə milli azlıqlar üçün nəzərdə tutulan “1+4” proqramı üzrə daxil olublar. Onlar bir il ərzində gürcü dilini öyrəndikdən sonra seçdikləri ixtisas üzrə bakalavr pilləsində təhsil almaq imkanı əldə edəcəklər.
Tələbələrin böyük əksəriyyəti İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və İlya Dövlət Universitetində təhsil alacaqlar. (Report)