2025-ci ildə qeyri-gürcüdilli məktəblərin ibtidai sinif müəllimləri üçün kombinə edilmiş imtahanlar təşkil ediləcək
İqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayevanın davamlı və əsaslandırılmış müraciətləri əsasında Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) azərbaycandilli məktəblərdə diskriminasiya faktının olmasını qəbul etməyə məcbur olmuşdu. Müraciətdə bir sıra problemlərlə yanaşı ibtidai sinif müəllimlərinin üzləşdiyi problem, gürcü və qeyri-gürcüdilli məktəblər arasındakı kəskin fərq də əks etdirilmişdi. Edilən müraciətlər əsasında araşdırma aparıldıqdan sonra Xalq Müdafiəçisi Levan İoselianı Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Giorgi Amilaxvariyə müraciət ünvanlamışdı.
InterPress.ge xəbər verir ki, təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari məktubu cari ilin 3 iyun tarixində cavablandırıb.
Nazir Giorgi Amilaxvarinin ünvanladığı cavab məktubunda 2025-ci ildə ibtidai sinif müəllimləri (1-4-cü sinif) üçün kombinə edilmiş imtahanların təşkil ediləcəyi qeyd edilib:
“Qeyri-gürcüdilli məktəblərin/sektorların müəllimlərinin maraqlarını nəzərə alaraq və onların karyera yüksəlişinə kömək etmək məqsədi ilə 2025-ci ildə qeyri-gürcüdilli məktəblərin ibtidai sinif (I-IV sinif) müəllimləri üçün kombinə edilmiş imtahanının təşkilini təmin etmək üçün hazırlıq işləri aparılır”.
İctimai fəal Aygül İsayeva müəllimlərin üzləşdiyi problemlərdən danışıb: “Gürcüdilli məktəblərdə ibtidai sinif müəllimi kombinə edilmiş fənlərdən (təbiət, riyaziyyat və gürcü dili və ədəbiyyat) 1 dəfə imtahan verib “baş müəllim” statusunu alırdı. Azərbaycandilli məktəblərdə dərs deyən ibtidai sinif müəllimləri üçün belə imkanlar yaradılmayıb. Azərbaycandilli məktəblərdə dərs deyən ibtidai sinif müəllimləri hər fəndən ayrı-ayrılıqda imtahan verməli olurdu. Əksəriyyət asan olduğu üçün təbiət fənnindən imtahan verir, nəticədə isə dərsləri də bölüşdürə bilmirdilər. Gürcüdilli məktəblərdə işləyənlər 1 ilə “baş müəllim” statusunu alıb, bir neçə fənn üzrə yüksək maaş alırdı. Azərbaycandilli məktəblərdə dərs deyənlər isə hər fənn üzrə “baş müəllim” statusunu almaq üçün 3-4 dəfə imtahan verməli olur, uyğun olaraq da 3-4 il vaxt sərf etməli olurdular. Ən maraqlı məqam isə budur ki, gürcüdilli məktəblərdə ibtidai sinif müəllimləri 1-4-cü sinifləri əhatə edən materiallardan imtahan verirdilər. Azərbaycandilli məktəblərdə işləyənlərin imtahan suallarına isə yuxarı siniflərə aid olan materiallar salınırdı. Məsələn, azərbaycandilli məktəbdə işləyən ibtidai sinif müəllimi “Azərbaycan dili və ədəbiyyat” fənnindən imtahan verməli olsa imtahan sualları 1-12-ci sinifləri əhatə edəcəkdi. Halbuki, bu müəllim 1-4-cü siniflərdə dərs deyir, ancaq imtahanda 9-cu, 10-cu və 11-ci siniflərə aid olan sulları da cavablandırmağa məcbur edilirdi. Etdiyim müracitələr əsasında gürcü və qeyri-gürcü dilli məktəblər arasında olan diskriminasiya aradan qaldırılacaq, müəllimlərin hüquqları bərpa ediləcək”.
Aygül İsayeva Gürcüstanın Xalq Müdafiəçisinə (Ombudsman), eləcə də digər dövlət qurumlarına ünvanladığı müraciətlərdə müəllimlərin karyera yüksəlişi imkanlarından tam faydalana bilməmələrini, təcrübəçi müəllimlərin statuslarını itirmək təhlükəsi ilə üzləşdiklərini, yaşlı müəllimlərin üzləşdikləri çətinliklər, eləcə də qeyri-gürcüdilli məktəblərin müəllimlərinin gürcüdilli məktəblərin müəllimləri ilə müqayisədə bərabər imkanlardan yararlana bilmədiklərini qeyd etdiyini vurğuladı. A. İsayevanın sözlərinə görə keçən il 1500-ə yaxın müəllimin imzası ilə dövlət qurumlarına “təcrübəçi müəllim” statusunun müddətinin uzadılması ilə bağlı müraciət ünvanlamışdılar və bu müraciət əsasın baş nazirin qərarını nazirin öz imzası ilə 3 aydan az müddət ərzində dəyişdirməyə müvəffəq olmuşdular.
Təhsil, Elm və Gənclər naziri Giorgia Amilaxvarinin ünvanladığı cavab məktubunda da “təcrübəçi müəllim” statusunun 2025-2026-ci tədris ilinin sonuna kimi uzadıldığı və ixtisas fənnlər üzrə 1, 4, 7, 10 kreditin saxlanıldığı da qeyd edilib.


