28 
Nybr
2023
15:14
2665

Ana dilim-mənim milli varlığım - Fatma Əliyeva

Dil açanda ilk dəfə "ana" söyləmişik biz. "Ana dili" adlanır bizim ilk dərsliyimiz. B. Vahabzadə.

Ana dili bizim milli-mənəvi sərvətimiz, milli varlığımızın sübutu, anamızın laylası ilə ruhumuza, qanımıza hopan dildir.

İnsanın tam azad, xoşbəxt olması üçün doğma vətəni, doğma dili olmalıdır. Maraqlıdır ki,başqa xalqlar "doğma dil" dedikləri halda, Azərbaycanda "ana dili" deyilir. Belə bir deyim var: "bir xalqı məhv etmək istəyirsənsə əvvəlcə onun dilini əlindən al".

Ulu öndər Heydər Əliyev demişdir: "hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir". Dil hər bir kəsin milli mənsubiyyətinin ilkin şərtidir. Millilik, ilk növbədə, ana dilinin varlığının, saflığının qorunması deməkdir. Hər bir kəs öz dilində təmiz, səlis danışmağı bilməli, bu dilin inkişafı üçün əlindən gələni etməlidir.

Yazılı və şifahi ədəbiyyatımızda da həmişə dil haqqında söz söylənilmişdir. Klassiklərimiz dili düşüncə ilə, mənəviyyatla, insanın varlığı ilə sıx bağlı olan hadisə kimi qiymətləndirirdilər. Füzuli yazırdı: Can sözdür, əgər bilirsə insan. Sözdür ki, deyirlər, özgədir can.

Təsadüfi deyil ki, A. Bakıxanov dilçilik kitabının adını "Qanuni-qüdsi" qoyub. Yəni, "müqəddəs qanun" adlandırıb. Müqəddəs sözü "Qurani -Kərim"ə,  Məkkəyə, peğəmbərlərimizə şamil olunduğu zamanlar Bakıxanov öz qrammatika kitabını belə adlandırmışdı. Çünki o müqəddəslər kimi, ana dilinin qanunları da müqəddəsdir. Onu korlamaq, bayağı

ifadələrlə, yersiz, münasibətsiz kəlmələrlə doldurmaq, nizamını pozmaq qəbuledilməzdir. Dil ən mühüm ünsiyyət vasitəsidir. Bir şərtlə ki, danışarkən sözün dəyəri qiymətdən düşməsin. Doğma dilində danışan bir insanın nitqində yersiz işlənən əcnəbi sözlər laləli çəmənlikdə bitən alaq otlarına bənzəyir. Alman filosofu Hegel öz ana dilində səlis, gözəl daşımağı ən böyük mədəniyyət hesab edib. Başqa bir alman alimi deyib ki, elə bil türk dilini (Azərbaycan dili də daxil olmaqla) riyaziyyat alimləri yığışıb qurublar. Riyaziyyatsız dil olmaz. Hansı dil riyaziyyata daha uyğun gəlirsə, ən mükəmməl dil odur. Riyaziyyata ən uyğun dil türk dilidir.

Böyük demokrat, yazıçı - drammaturq, publisist, dövlət xadimi N. Nərimanov öz ana dili haqqında yazır:" Ana dili!! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, ana şəfətini sənə o dildə bəyan edib. Bir dil ki, sənə beşikdəykən bir lay-lay şəklində öz ahəng və lətafətini eşitdiridir". Görün, böyük mütəfəkkir öz ana dilini nə gözəl, nə ülvi məhəbbətlə vəsf edib. Ancaq biz- bu dilin daşıyıcıları öz ana dilimizi lazımi səviyyədə qoruya bilirikmi? Azərbaycan ədəbi dilinin qrammatik qanun -qaydalarından yerli-yerində istifadə edə bilirikmi? Publisistikanın bugünkü mənzərəsini göz önünə gətirsək, görərik ki, biz dil qanunlarımıza lazımınca riayət etmirik. Ana dilində veriliş aparan bəzi aparıcıların nitqində, xəbər saytlarında, ana dilli mətbuat orqanlarında dərc olunan məqalələrdə kifayət qədər səhvlər olur. Məncə, bunun əsl səbəbi peşəkar jurnalistlərin azlığındadır. Jurnalist, ilk növbədə, filoloq olmalıdır. Filologiyanı, dilin qrammatik qanunlarını bilmədən əsl jurnalist olmaq mümkün deyil. Mətbuat maarifləndirici orqandır. Hər kəsin inandığı, güvəndiyi, sözünə, fikrinə etimad etdiyi məkandır. Ona görə də dilimizin saflığının qorunmasında mətbuat orqanların üzərinə daha böyük məsuliyyət düşür.

Son zamanlar ana dilimizə ögey münasibət gözönündədir. Milli məktəblərimizin sayı azaldılır. Ana dili saatları həftədə 5 saatdan 3 saata endirilib. Ana dilində ali təhsil almaq imkanımız yoxdur. Yadların ana dilimizə yad münasibəti anlaşılandır. Ancaq özümüzün özümüzə ögeyliyimiz qəbuledilməzdir.

Əziz valideynlər, əgər övladlarınızın vətənini, torpağını, millətini, dövlətini, anasını, ailəsini sevən əsl insan, mükəmməl şəxsiyyət, qürurlu vətəndaş kimi yetişməsini istəyirsinizsə, ana dilini sevdirin. Çünki ana dilini sevmək milli varlığını sevmək deməkdir.

Ulu öndər Heydər Əliyevin belə bir deyimi var: " Hər xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur". Hörmətli soydaşlarım, millətimin qabaqcıl insanları, qələm sahibləri, alimləri, müəllimləri, gəlin, ana dilimizi layiq olduğu səviyyədə təmsil edək, öyrənək, öyrədək, qoruyaq, məişət dili səviyyəsinə enməsinə yol verməyək. Bu bizim mənəvi borcumuz, insanlıq vəzifəmizdir.
 

Müəllif: Müəllim Fatma Əliyeva

Bizimlə əlaqə saxlayın