Ölüsüylə ərəbcə, dirisiylə gürcücə - Esmira Ələkbərli
Ana dili....deyilişi də yazılışı qədər sadə bir ifadə..., amma bu sadə söz birləşməsinin arxasında nə qədər böyük bir fəlsəfə var....yazdıqca yazacağım qədər tükənməz ümman...
Ana dili müqəddəsliyi bəlkə ana sevgisini önləyir, çünki biz laylanı qulağımızdan ruhumuza ötürmüşük, biz eşitdiyimiz səslərdən formalaşdırmışıq təfəkkürümüzü, xəyallarımızı ana dilində düşünərək qurmuşuq!
Bəlkə əcdadlarımız da özünü təqdim etməyin ən yaxın yolu kimi bu yaxınlığı ona ən doğma olan anaya bənzədərək-ANA DİLİ adlandırıblar.
Rastlaşdığımız adamı “danış ki, bilim kimsən” amalıyla dinləyərkən bəlağətli danışığı, səlist nitqi, yerində vurğusu onu gözümüzdə ucaldır.
Deməli, biz öz danışığımızla özümüzü təqdim etmiş oluruq.
Təsadüfi deyil ki, ana dilimizi Lermantov Şərqin fransız dili adlandırırdı.
Tbilisidə M.F.Axundov adına muzeydə Qafqaza sürgün olunmuş dekabrist Bestujev—Marlinskinin divara vurulmuş dostuna məktubunda yazır ki, fransız dilini bilməklə bütün Avropanı gəzib dolanmaq mümkündürsə, eləcə də türk (1935.dən sonra azərbaycan) dilini bilməklə bütün Qafqazı gəzmək olar. Elə Qafqazın mərkəzində-Tiflisdə doğulub böyüyən, Şərqin ilk opera müğənnisi Şövkət Məmmədova İtaliyada təhsil alarkən ona deyirdilər ki, sən danış səsinin musiqisini dinləyək!
Ana dilini danışmaq qədər düzgün yazmaq da onun davamıdır!
Biz danışdıqlarımızı yazıdan öyrənirik.
Bu gün Gürcüstan gəncliyi intibah dövrünü yaşayır. Dövlət onların təhsili, özünü inkişaf etdirməsi, hərtərəfli fəaliyyəti üçün lazımı şərait yaradır.. ...bu fürsətlərdən istifadə etməmək elə gəncliyin öz günahıdır!
Nə gözəl ki, bunları dəyərləndirən gənclərimiz var.
Ana dilimizdə təhsil alaraq hər il yüzlərlə gənclərimiz kollec və universitetlərə 1+4 layihəsi ilə qəbul olub, gürcü bölməsindən təhsil alırlar. Sonda müxtəlif sahələrdə çalışırlar.
Əlbəttə bunlar çox qürurverici haldır. Vətəndaşı olduğumuz ölkəyə sivil yolla inteqrasiyamızdır!!!
Məni bir vətəndaş, müəllim kimi narahat edən tamam başqa məsələdir; gənclərimizin ictimai yerdə ləhcə ilə danışığı və bundan 5 qat faciə isə yazını da ləhcə ilə, hətta orfoqrafik, qrammatik səhvlərlə yazmasıdır. Bu o qədər böyük səhvdir, deyərdim ki, uçuruma gedən yoldur.
Sosial şəbəkələrdə, tələbə qruplarında, ictimai birliklərdə, hətta iş gerlərində gənclərin yazılarını, nitqlərini ürək ağrısıyla izləyirəm. Əlbəttə birinci səbəbi özlərində görürəm, çünki qətiyyən kitaba maraq göstərmirlər, axı yuxarıda da yazmışdım: dilimizi yazıılı ədəbiyyatdan daha mükəmməl öyrənirik. Kitabdan uzaqlaşmaq düzgün yazıdan uzaqlaşmaqdır. Əlifbadan başlayan ana dilimiz 12-ci sinfə qədər tədris olunur. Təəssüf ki, bu fənni şagirdlər ciddi qəbul etmirlər, onsuz da heç vaxt imtahan verməyəcəyi, sorğusu olmayacağı fənn kimi.
Əsla!!
Biganəlik dərs bölgüsünə də sirayət, edir.
Əvvəla məktəblərimizdə 4 dil tədris olunur: gürcü, rus, ingilis, azərbaycan. Uşaqların daha mükəmməl qavradığı ana dilidir, çox yəqin ana dilinində qavrayışdan sonra digər dilləri asan anlayarlar. Felin zamanlarını, ismin hallarını və s. öz dilində bilərəkdən digər dillərin qrammatikasını asan dərk edərlər. Odur ki, ilk növbədə məktəblərdə ana dili saatı 3 saatın məngənəsindən çıxmalıdır. Sənədlər üzərində yox, əməldə ana dili 5 saata çatdırılmalı və mütləq attestant imtahanları bərpa olmalıdr, o cümlədən ana dilindən imtahan olmalıdır ki, şagirdlər məsuliyyət hiss etsinlər.
Ana dilimizdə düzgün danışmamaq, yazmamaq bizi özümüzdən uzaqlaşdırmır, özümüzü elə özümüzlə təhqir edirik.
Bu yolda ən böyük təbliğat ziyalılara düşür, öz şöləsiylə qaranlıq sahələrə işıq salmalıdırlar yox, buna borcludular.
N.Hikmət demiş:
Mən yanmasam, sən yanmasan
Necə çıxar qaranlıqlar işıqlığa?!
Əks halda yaxın gələcəkdə ölsüylə ərəbcə, dirisiylə gürcücə danışaraq tarixə qovuşacağıq!!!
Müəllif: Esmira Ələkbərli