Soyuq silah gəzdirməklə bağlı qanun sərtləşdirilir
Parlamentin Hüquq Məsələləri Komitəsi Daxili İşlər Nazirliyinin hazırladığı qanunvericilik paketini dəstəkləyib, ona əsasən soyuq silahların gəzdirilməsi ilə bağlı mövcud norma və məsuliyyətlər sərtləşdirilir.
InterPress.ge xəbər verir ki, qanun layihəsinə əsasən, küçədə, həyətdə, stadionda, meydanda, parkda, təhsil müəssisəsində, məhkəmədə, hava limanında, kinoteatrda, teatrda, konsert salonunda, kafedə, restoranda, bütün növ ictimai nəqliyyatda, avtovağzalda, dəmiryol vağzalında və insanların toplaşdığı digər yerlərdə soyuq silah gəzdirilməsi halında, silah müsadirə ediləcək və 500 lari məbləğində cərimə yazılacaq.
Qanun layihəsində qeyd edilən maddənin qəsdən cinayət törətməkdə təqsirli bilinən şəxsə, narkotik vasitələrdən istifadəyə görə inzibati cərimə tətbiq edilmiş şəxslərə şamil edilməyəcəyi dəqiqləşdirilib. Bu halda məsuliyyət “Cinayət Məcəlləsi”nin 238-ci maddəsinin birinci bəndinə uyğun olaraq müəyyən edilir.
Bundan başqa, dəyişikliklərdə qeyd olunur ki, şəxsi gigiyena, yemək hazırlamaq və ya qəbul etmək, peşə fəaliyyəti ilə məşğul olmaq, ovçuluq, balıq ovu və ya bitkiçilik məhsulları toplamaq, kənd təsərrüfatı və ya maldarlıq fəaliyyəti ilə məşğul olmaqla soyuq silah gəzdirən şəxsə qanun şamil edilməyəcək. Həmçinin milli geyimlər geyinən və soyuq silahların da bu geyimlərə daxil olması zamanı cərimə yazılmayacaq.
Qanunvericilik paketi 2019-cu ildə təsdiq edilib, qanun layihəsinə bu gün ikinci oxunuşda baxılıb.


