“İnzibati qaydada saxlanılan bütün şəxslər azadlığa buraxılıb. Gürcüstan Daxili İşlər Nazirliyi türk azarkeşlərin vətənlərinə maneəsiz qayıtmasını təmin edib”.
InterPress.ge xəbər verir ki, bu barədə Acarıstan Muxtar Respublikasının hökumət başçısı Zurab Pataradze sosial şəbəkədə yazıb. O, Batumidə futbol matçı zamanı baş verən hadisələrlə bağlı Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Arı ilə görüşüb.
Zurab Pataradzenin məlumatına görə, hazırda Batumidə vəziyyət sakitdir və gərginliyin yenidən artması riski tamamilə aradan qaldırılıb.
“Görüş zamanı səfirə izah etdim ki, həm matç başlamazdan əvvəl, həm də oyun zamanı ‘Beşiktaş’ futbol klubunun azarkeşlərinin az olmayan bir qismi təxribatçı davranışlar sərgiləyib. Onlar dəfələrlə və məqsədyönlü şəkildə polis əməkdaşlarına butulkalar, daşlar və küt əşyalar atıblar. Nəticədə bir neçə polis əməkdaşı xəsarət alıb. Onlar şəhər infrastrukturuna zərər vurub, polis əməkdaşlarına qarşı nalayiq şüarlar səsləndiriblər. Təbii ki, bu hərəkətlər müvafiq reaksiya olmadan qala bilməzdi.
Səfirə həmçinin izah etdim ki, matç başlamazdan əvvəl azarkeşlərin üzərində sərhəddə Gürcüstan əhalisi üçün həssas məzmun daşıyan təxribatçı bannerlər aşkarlanıb. Həmin bannerlərin meydanda və ya şəhərdə nümayiş etdirilməsi qaçılmaz olaraq təxribatlara səbəb olardı. Buna görə də bannerlərin ictimaiyyətə nümayiş etdirilməsinə icazə verilməməsi, ilk növbədə, məhz türk azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyırdı.
Səfirə izah etdim ki, Daxili İşlər Nazirliyinin bölmələri ictimai asayişin qorunması və vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması məqsədilə türk azarkeşlərə qarşı proporsional tədbirlər həyata keçirib. Bu tədbirlər beynəlxalq standartlara və Gürcüstan qanunvericiliyinə tam uyğundur. Gürcüstan ərazisində olan hər bir şəxs həmin qanunlara əməl etməlidir.
Faktlara əsaslanaraq səfirə izah etdim ki, Gürcüstan polisi öz səlahiyyətlərini səmərəli və ləyaqətlə həyata keçirib. Bunun nəticəsində vəziyyəti tənzimləmək və prosesə dövlət tərəfindən tam nəzarəti təmin etmək mümkün olub.
Hazırda Batumidə vəziyyət sakitdir və gərginliyin yenidən artması riski tamamilə aradan qaldırılıb. İnzibati qaydada saxlanılan bütün şəxslər azadlığa buraxılıb. Gürcüstan Daxili İşlər Nazirliyi türk azarkeşlərin vətənlərinə maneəsiz qayıtmasını təmin edib”, – deyə Zurab Pataradze sosial şəbəkədə yazıb.
