“Rusiya tərəfi bizə bildirir ki, Gürcüstan şərabı Rusiyada satılmamalı, sanksiyalara məruz qalmalıdır. Lakin bunun səbəbi ilə bağlı heç bir arqument və izahat təqdim etmir. Problem nədir?” Bu barədə “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze Zurabaşvili-Qaluzin görüşü ilə bağlı danışarkən bildirib.
InterPress.ge xəbər verir ki, Kaxa Kaladzenin sözlərinə görə, Rusiya tərəfinin bir tərəfdən Gürcüstan şərabına sanksiya tətbiq edilməsindən, digər tərəfdən isə universitetlərin qardaşlaşmasından danışması məntiqsizdir, Gürcüstan hakimiyyətinə qarşı yönəlmiş addımdır və müxalifəti gücləndirir.
Paytaxt meri bu cür addımların qiymətləndiriləcəyinə və müvafiq reaksiya veriləcəyinə ümid etdiyini bildirib.
“Bir tərəfdən bizə deyirlər ki, Gürcüstan şərabının idxalı qadağan edilməlidir, digər tərəfdən isə universitetlərə dostlaşmağı təklif edirlər. Bu, məntiqsiz deyilmi? Təhlil aparmağı bacaran hər kəs üçün aydındır ki, bu, əlbəttə, Gürcüstan hakimiyyətinə qarşı atılmış addımdır. Bu cür hərəkətlər bu gün Gürcüstanda müxalifət adı altında təmsil olunan vətənini sevməyən agentura şəbəkəsini gücləndirir. Çox böyük ümidim var ki, buna qiymət veriləcək və müvafiq reaksiya göstəriləcək”, – deyə Kaxa Kaladze jurnalistlərlə söhbətində bildirib.
Məlumat üçün bildirək ki, Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili “İmedi” telekanalının efirində Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Minskdə keçirdiyi görüş barədə danışıb.
Onun izahına görə, Rusiya tərəfi Minskdə keçirilən görüşdə əsasən humanitar sahələrə aid olan və zahirən zərərsiz görünən təxminən 10 məsələ qaldırıb. Lakin həmin məsələlər arasında Don Universiteti ilə Gürcüstanın dövlət universitetlərindən birinin qardaşlaşması mövzusu da olub. Zurabaşvilinin sözlərinə görə, bu təşəbbüs “Gürcü Arzusu” hökumətinə qarşı yönəlib və müxalifət qüvvələrinə əlavə güc verir.
O, həmçinin bildirib ki, Qaluzin nə Gürcüstan şərabının keyfiyyəti, nə də Ukraynadakı müharibənin maliyyələşdirilməsi və ya Rusiyaya qarşı təbliğatla bağlı irəli sürülən ittihamlar üzrə heç bir fakt təqdim edə bilib.
