09 
Fev
2020
09:40
733

Azərbaycanda Milli Məclis seçkilər keçirilir

Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başlayıb.

InterPress.ge Report-a istinadən xəbər verir ki, saat 08:00-da səsverməyə start verilib.

Səsvermədən əvvəl Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.

M.Pənahov 1000 məntəqədə, yəni məntəqələrin 20 faizində veb-kameraların quraşdırıldığını nəzərə çatdırıb.

MSK sədri bildirib ki, seçkilərdə "exit-poll” keçirmək məqsədilə MSK-ya müraciət edən 3 təşkilatın hamısı qeydə alınıb ki, onların da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə quracaq: “Beləliklə, parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (ABŞ) ilə birgə, Rəy Monitorinq Mərkəzi və “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınıb”.

Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib.

Parlament seçkiləri 125 dairəni əhatə edir və səsvermə 5573 məntəqədə aparılır. Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.

Bu seçkidə 5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək. Parlament seçkilərində iştirak edəcək namizədlərin sayı 1314 nəfərdir. Onlardan 246-sı siyasi partiyaların siyahıları ilə irəli sürülüb. Eyni zamanda namizədlərdən 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.

Seçkini 77 790 yerli müşahidəçi izləyəcək. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Bundan başqa, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, onlar 58 ölkə vətəndaşlarıdır. Prosesi 132 beynəlxalq KİV təmsilçisi işıqlandırır.

Səsvermə saat 19:00-da bitəcək.

Qeyd edək ki, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Bizimlə əlaqə saxlayın