Karelidə zibil yandırarkən 6 evi və bağı yandırmaqda təqsirləndirilən şəxs saxlanıldı
Gürcüstan Prokurorluğu bir nəfərə qarşı Kareli rayonunda yaşayış evlərinə, anbarlara, meyvə bağlarına yanğın törətməklə zərər vurmaq və məhv etmək faktı üzrə ittiham irəli sürüb. İttiham tərəfinin təqdimatı əsasında təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Qurumun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, avqustun 28-də Kareli rayonunun Elbakiantkari kəndində sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs tullantıları məhv etmək məqsədilə yaşadığı evin həyətyanı sahəsini yandırıb.
Baxmayaraq ki, həmkəndliləri ona yanğının gözlənilən ağır nəticələri barədə xəbərdarlıq edərək, yanğını söndürməsini xahiş etsə də, o, yanğını söndürməyərək evdən köməyə gələn qonşuları qovub. Geniş əraziyə yayılan yanğın nəticəsində Elbakiantkari kəndində ümumi dəyəri 300 000 lari olan 6 ev, yardımçı anbarlar və meyvə bağları yanıb.
Prokurorluğun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin “A” yarımbəndi və 3-cü hissələri ilə ittiham olunub ki, bu da altı ildən on ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Qeyd edək ki, cinayət işi üzrə istintaq davam edir.


