Milli Qida Agentliyi iyul-avqust aylarında 10 000 kiloqrama qədər zərərli əti məhv edib
Milli Qida Agentliyi iyul-avqust aylarında 10 min kiloqrama qədər zərərli əti çıxararaq məhv edib.
lnterPress.ge xəbər verir ki, bu barədə Milli Qida Agentliyinin rəhbərinin müavini Vasil Basiladze bildirib.
Onun sözlərinə görə, iyul-avqust ayları ərzində 800-dən çox sahibkarlıq subyekti yoxlanılıb və onlardan 375-i müxtəlif qanun pozuntularına görə cərimələnib.
“İyul-avqust ayları ərzində ölkə üzrə, o cümlədən heyvan kəsim məntəqələrində, eləcə də satış obyektlərində 800-dən çox yoxlama aparılıb. Bunlardan 375 sahibkarlıq subyekti cərimələnib. Müxtəlif növ qanun pozuntuları var idi, o cümlədən sanitar-gigiyena normalarının pozulması, saxlama müddəti ötmüş ətlərin satışı, kəsim məntəqəsindən yan keçməklə kəsilən heyvanların ətlərinin satışı və s.
İyul-avqust aylarında ümumilikdə 10 min kiloqram ət çıxarmışıq. Bu zaman ət zərərli və istehlak üçün yararsız hesab edilir və qanuna görə ət məhv edilir. Rəqəmlər yüksək olsa da, əvvəlki illərlə müqayisədə mütləq irəliləyiş olduğunu söyləməliyik”, - deyə Vasil Basiladze bildirib.
Onun sözlərinə görə, il ərzində Milli Qida Agentliyi ölkə üzrə 2030 sahibkarlıq subyektini yoxlayıb.


