Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti bəyənat yayır
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qrup şəklində saxta vergi sənədlərinin hazırlanması və istifadəsi faktına görə dörd nəfəri təqsirləndirilən şəxs qismində cəlb ediblər.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətindən məlumat verilib.
Məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi mənfəət əldə etmək məqsədilə 2019-cu il ərzində müvafiq sənədləri olmadan gürcü mənşəli buğda alıblar, bundan sonra adıçəkilən mallar Rusiya mənşəli buğda kimi satılıb və bu yolla alıcı şirkətlər saxta ƏDV ayırmaları alıblar.
“Aparılan əməliyyat tədbirləri nəticəsində şirkətlərin dövlət büdcəsindən qanunsuz olaraq 310 714 lari ƏDV əldə etdiyi müəyyən edilib.
İstintaq çərçivəsində aparılan vergi yoxlamaları nəticəsində qeyd olunan saxta ƏDV ayırmaları tamamilə ləğv edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 210-cu maddəsinin 2-ci hissəsi ilə aparılır", - deyə məlumatda qeyd olunub.


