“Dünən baş verən faciə ilə əlaqədar həlak olanların ailələrinə və bütün Gürcüstana başsağlığı vermək istəyirəm. Bu faciə bütün ölkəni sarsıtdı”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Poniçalada baş verən partlayış nəticəsində xəsarət alan uşaqları ziyarət etdiyi İnqorokva Universitet Klinikasında jurnalistlərə bildirib.
Baş nazirin sözlərinə görə, uşaqların sağlamlıq vəziyyəti qənaətbəxşdir.
“Bu klinikada müalicə alan uşaqları ziyarət etdik. Onların vəziyyətinin qənaətbəxş olmasına sevinirik. Həkimlər onlara qayğı göstərirlər. Onlara təşəkkür edirəm. Uşaqlarla psixoloqlar da işləyirlər ki, bu da çox vacibdir.
Dünən baş verən faciə ilə əlaqədar həlak olanların ailələrinə və bütün Gürcüstana başsağlığı vermək istəyirəm. Bu faciə bütün ölkəni sarsıtdı. Axtarış-xilasetmə işlərində iştirak edən hər kəsə, Daxili İşlər Nazirliyinin hər bir əməkdaşına, yanğınsöndürən-xilasedicilərə, daxili işlər nazirinə və meriyanın xidmətlərinə təşəkkür edirəm. Onlar əllərindən gələni etdilər. Onlara təşəkkür edirəm”, – baş nazir qeyd edib.
Məlumat üçün bildirək ki, noyabrın 19-da Poniçalada yaşayış binasının beşinci mərtəbəsində təbii qazın toplanması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
