Avtomobilləri təkrar texniki baxışdan keçirmək pullu ola bilər
Texniki Nəzarət Mərkəzləri İttifaqının icraçı direktoru Qiorqi Şiolaşvili bildirib ki, təkrar texniki baxışların ödənişli olmasının vaxtı çatıb.
InterPress.ge xəbər verir ki, o, bu barədə "İş kursu" verilişində bəyan edib.
“Hazırda təkrar yoxlama pulsuzdur. İslahatın ilkin mərhələsində bu məsələ elə formalaşdırılmışdı ki, avtomobil sahibləri üçün müəyyən imtiyaz yaradıldı və bu xidmət pulsuz idi. Lakin artıq hesab edirik ki, bu xidmətin də pullu olmasının vaxtı çatıb”, - Qiorqi Şiolaşvili bildirib.
Onun sözlərinə görə, təkrar yoxlama xidməti faktiki olaraq bütün Aİ ölkələrində pulludur.
Məlumat üçün bildirək ki, texniki baxış tarifi dövlət tərəfindən müəyyən edilir və bütün texniki baxış mərkəzlərində eynidir. Yüngül avtomobil - 60 lari, yük maşını və ya sərnişin avtomobili - 100 lari; Elektrikli avtomobil 48 laridir. Qüsurlar aşkar edilərsə, avtomobil sahibi bir ay ərzində avtomobili təkrar texniki baxışdan keçirir və bunun üçün heç bir rüsum ödəmir.


