21 
May
2022
11:16
1451

Bu tarixlərdə Tbilisidə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş bayram tədbirlərinə hazırlıq dövründə və mayın 26-da paytaxtda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

InterPress.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsi açıqlama yayıb.

“Mayın 23-də saat 24:00-dan etibarən Azadlıq Meydanı və Rustaveli prospektində, Birinci Respublika Meydanına qədər avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Həmçinin Rustaveli prospektinə çıxan bütün küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Mayın 25-i saat 24:00-da Birinci Respublika Meydanı tamamilə bağlanacaq.

Avtomobillər Barataşvili və Tabukaşvili küçələri ilə Merab Kostava və Sanapiro küçələri istiqamətində hərəkət edə biləcək.

Mtatsmindadan nəqliyyat Asatiani küçəsi ilə Qorqasali meydanı istiqamətində mümkün olacaq. Həmçinin, Kote Abxaziya küçəsində (keçmiş Leselidze küçəsi) hərəkət edən axın Verçxli küçəsi ilə Barataşvili küçəsi istiqamətində hərəkətini davam etdirə biləcək.

Sağ sahildən Barataşvili küçəsinə çıxan yolda da nəqliyyatın hərəkəti qadağandır. Nəqliyyat vasitələri Vaxtanq Qorqasali küçəsi istiqamətində hərəkət edə biləcək. Barataşvili enişindən hərəkət edən avtomobillər Barataşvili körpüsünü keçdikdən sonra yalnız Ədliyyə Evinin yaxınlığındakı enişlə, sağ sahil istiqamətində hərəkət edəcəklər.

Mtatsminda istiqamətində hərəkət edən avtomobillər Simon Canaşia, İvane Tarxnişvili və Tamar Çovelidze küçələrindən keçərək Petre Melikişvili küçəsi ilə hərəkət edəcəklər, oradan isə Çonkadze küçəsi istiqamətində hərəkətini davam etdirəcəklər.

Həmçinin İlia Çavçavadze prospektindən gələn növbəti axın Petre Melikişvili və Merab Kostava küçələrindən keçərək sahil istiqamətində hərəkəti davam etdirə biləcək.

Yol hərəkətinin təhlükəsizliyini təmin etmək və problemlərə yol verməmək üçün Patrul Polis İdarəsinin əməkdaşları nəqliyyat vasitələrinin hərəkətini tənzimləyəcəklər. Zəruri hallarda patrul müfəttişləri sürücülərə alternativ yollar haqqında da məlumat verəcəklər”, - deyə məlumatda qeyd olunub.

Patrul İdarəsindən verilən məlumata görə, mayın 27-dən tədbir üçün dekorasiyalar söküldükdən sonra məhdudiyyətlər tamamilə götürüləcək və nəqliyyatın hərəkəti normallaşacaq.

Bizimlə əlaqə saxlayın