Marneuli icra hakimiyyətinin üzvləri InterPress.ge-nin Kirovka kəndinin adının dəyişdirilməsi ilə bağlı verdiyi suallardan qaçırlar?
Son günlərdə aktual mövzu olan Kirovka kəndinin adının dəyişdirilməsi kənd sakinlərinin narahatçılığına və etirazına səbəb olub.
lnterPress.ge xəbər verir ki, bu etiraza və narahatlığa səbəb isə Marneuli bələdiyyə məclisinin və Kirovka kənd sakinlərinin təklif etdikləri adın bir-birinə uyğun olmamasıdır.
Kənd sakinləri Kirovka kəndinin tarixi adı olan "Mamei" adının qaytarılmasını və ya Azərbaycan dilində "Yaşıl Təpə" adının olmasını tələb edir.
Marneuli bələdiyyə məclisinin iclasında isə gürcü dilində "Mcvane qora" və ya "Meqobroba" adları müzakirə olunaraq kəndə bu adlardan birinin qoyulması təklif olunub.
InterPress.ge əməkdaşları olaraq mövcud prosesin hal-hazırda nə yerdə olduğunu və sakinlərin tələb etdikləri adlara nəzər yetirilib-yetirilməyəcəyini öyrənmək üçün Marneuli meri müavini Roni Dekanoidzeyə, Marneuli bələdiyyə məclisinin sədri Amiran Qiorqadzeyə və "Sakrebulo" sədrinin müavinləri Rövşən İskəndərova və Riçard Qiqaniyə zəng etdik.
A. Qiorqadzeyə bir neçə dəfə zəng edilsədə o, zənglərə cavab vermədi. Mer müavini R. Dekanoidze isə yaradılan komissiya üzvlərinə müraciət edin deyərək cavabımızı belə gözləmədən telefonu söndürdü.
R. İsgəndərova gəldikdə isə o, sualımızdan sonra "İndi Türkiyə tərəfdəyəm, telefon çəkmir və zaryatqamda azdır" deyərək telefonu söndürdü.
"Sakrebulo" sədrinin üçüncü müavini olan R. Qiqani suallarımıza cavab olaraq "Mən heçnə bilmirəm, meriyaya müraciət edin" deyə cavab verdi.
lnterPress.ge Marneuli meriyasında olan mənbədən əldə etdiyi məlumata görə, Kirovka kəndinin adını əvəzləyəcək bir neçə ad təklif olunur, artıq adların siyahısı hazırlanıb və Marneuli meriyasına göndərilib, Marneuli meryasından sonra isə siyahı nazirliyə göndəriləcək və nazirlik təsdiq edəcəyi halda həmin adlar kənd sakinlərinə təklif olunacaq və kənd sakinləri o adlardan birini seçəcəklər.
Əldə etdiyimiz məlumata görə, sözügedən siyahıda kənd sakinlərinin təklif etdikləri adlar yoxdur.


