Gürcüstana səfər edən turistlər xüsusi zonalarda istirahət edə biləcəklər
Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin istirahəti üçün “yaşıl zona”lar yaradılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bildirib.
Onun sözlərinə görə, daxili turizm mövsümü açılandan sonra Gürcüstan vətəndaşları bütün ölkə üzrə istirahət edə biləcəklər: “Mehmanxana, iaşə obyektləri, turizm şirkətləri və bələdçilər üçün kriteriyalar müəyyən olunub. Beynəlxalq normaları tətbiq edən bütün kurortlar fəaliyyət göstərəcəklər”.
Əcnəbi turistlər üçün “yaşıl zona”lara gəlincə, M.Kvrivişvili qeyd edib ki, bu zonalar koronavirusdan azad olacaq: “Zonalara Tsxaltubo, Borjomi, Abastumani, Bakuriani, Qudauri, Batumi və digər kurotlar daxildir. Bu obyektlər üçün də müvafiq tövsiyələr hazırlanacaq”.
Qeyd edək ki, Gürcüstanda daxili turizm xidmətləri iyunun 15-dən bərpa olunacaq, xarici turistlərin qəbuluna isə iyulun 1-dən başlanılacaq.(report)