23 
Apr
2021
16:59
344

Erməni işğalçıların viran qoyduğu Azərbaycan xalqının yurd yerləri - Fotolar danışır

AZƏRTAC Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən geniş material hazırlayıb.

InterPress.ge xəbər verir ki, AZƏRTAC-ın çəkiliş qrupu Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhəri, Zəngilanın Mincivan qəsəbəsi və Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntüləri təqdim edib.

Həmin məqaləni olduğu kimi təqdim edirik:

"2020-ci il Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad edildi, xalqımızın yurd həsrətinə son qoyuldu. Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Ağdam, Kəlbəcər, Laçın rayonlarında, Şuşada və Hadrutda, eləcə də yüzlərlə kənd və qəsəbədə 30 illik işğaldan sonra üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanmağa başladı. Ərazilərimizin geri qaytarılması nə qədər sevindiricidirsə, o yerlərdə gördüklərimiz bir o qədər də ürəkağrıdandır.

Düşmənin işğalda saxladığı ərazilərdə dağıntılar törətdiyi əvvəlcədən bilinsə də, faciənin miqyasının bu dərəcədə böyük olduğu təsəvvürə gəlmirdi. İndi baxırıq və görürük: erməni işğalçılar bütün infrastrukturu dağıdıb, şəhərlərimizi, qəsəbələrimizi, kəndlərimizi yerlə-yeksan edib. Bütün dünya görür ki, Azərbaycan xalqı hansı vəhşi ilə üz-üzə idi. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik heç yerdə görünməyib. Hətta İkinci Dünya müharibəsində də belə vəhşiliyə yol verilməmiş, dini, tarixi abidələr dağıdılmamışdır. Qarabağdakı acınacaqlı mənzərə erməni faşizminin bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəri və ən qəddarı olduğunu göstərir.

Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında “Ukraina-24” telekanalının müxbirinin sualını cavabında azad olunmuş torpaqlardakı vəziyyəti belə təsvir edib: “Maşınla yüzlərlə kilometr yol gedirsən və yalnız dağıdılmış kəndləri görürsən, heç yerdə bircə bina da yoxdur. Ağdamda bircə bina da yoxdur. Təkcə qismən dağıdılmış bir məscid qalıb, ondan da ermənilər atəşin təshih edilməsi üçün oriyentir və müşahidə məntəqəsi kimi istifadə ediblər... Füzulidə bircə bina da yoxdur. Hətta bayraq sancmağa yer yox idi... Cəbrayılda da eyni vəziyyətdir. Zəngilanda, Qubadlıda bir neçə ev qalıb, onlarda da qanunsuz məskunlaşdırma aparılmışdır”.

Düşmənin törətdiyi ağlasığmaz vəhşiliklər, ölçüyəgəlməz dağıntılar müharibədən sonra sənədləşdirilir, fotoobyektivin yaddaşına köçürülür. Bu işdə AZƏRTAC-ın çəkiliş qrupu da yaxından iştirak edir. Bir neçə aydır ki, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının ərazilərində çəkilişlər gedir. Tərkibinə jurnalist, fotoqraf və operatorun daxil olduğu qrup kəndbəkənd, məhəllə-məhəllə, küçə-küçə, ev-ev gəzir, erməni vəhşiliyinin izlərini lentə alır, dağıntıların qeydiyyatını aparır.

Yeri gəlmişkən, müharibədə söz də bir silah, jurnalist də bir əsgər olur. Fəaliyyətini bu prinsip əsasında quran AZƏRTAC-ın kollektivi ikinci Qarabağ müharibəsinin ilk saatlarından bütün yaradıcı və texniki potensialını səfərbər etdi. Döyüş əməliyyatlarının gedişini mütəmadi işıqlandırmaq, münaqişə barədə həqiqətləri, düşmənin müharibə cinayətlərinə dair informasiyaları dünya ictimaiyyətinə çatdırmaq məqsədilə sutkanın 24 saatında gücləndirilmiş iş rejimində çalışdı. İlk gündən bölgəyə ezam olunan müxbirlərimiz şanlı Azərbaycan Ordusunun azad etdiyi rayonlarımızdan foto-videoreportajlar hazırlayaraq dünyaya yaydılar.

Cəbhə bölgəsinə ezam olunmuş çəkiliş qruplarımız erməni təxribatlarını atəş altında lentə alırdılar. Xüsusən Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə xain hücumları, yaşayış məntəqələrini raket atəşinə tutması barədə minlərlə foto və videoxəbər, reportaj və informasiya hazırladılar. Bilavasitə hadisə yerindən hazırlanan bu materiallar AZƏRTAC-ın saytından dünyaya yeddi xarici dildə yayımlandı.

Müharibə başa çatdıqdan sonra fəaliyyət istiqamətini dağıntıların lentə alınmasına yönəldən AZƏRTAC-ın çəkiliş qrupu 6 aydan çoxdur ki, azad olunmuş ərazilərimizdə işləyir. Məqsəd dağıntıların hamısını, düşmənin Azərbaycan xalqına vurduğu ziyanı bir-bir sənədləşdirməkdir. Azərbaycan dövləti bu cinayətlərə görə Ermənistanı beynəlxalq ədalət məhkəməsinə vermək niyyətindədir. Bu zaman toplanan materiallar təkzibolunmaz dəlil-sübut kimi də istifadə edilə bilər.

Çəkiliş qrupumuzun Füzuli, Zəngilan və Cəbrayıl rayonlarından göndərdiyi fotoların bir qismini oxucularımızın diqqətinə təqdim edirik. Gördüyünüz bu mənzərələrin, əslində, heç bir şərhə ehtiyacı yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, sanki bu yerlərdən vəhşi qəbilə keçib.

Bir dənə də salamat binası qalmayan Füzuli şəhəri

Düşmənin yerlə-yeksan etdiyi yurd yerlərimizdən biri Füzuli şəhəridir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəd olan Füzuli şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Şanlı Azərbaycan Ordusu Füzuli şəhərini 2020-ci il oktyabrın 17-də düşmən tapdağından qurtarıb.

Prezident İlham Əliyev ötən il noyabrın 16-da Füzuli şəhərinə səfəri zamanı yolboyu gördüyü ürəkağrıdan mənzərələrdən danışarkən demişdi: “Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib”.

Fotolardan da aydın görünür ki, düşmən Füzuli şəhərində bir dənə də olsun salamat bina qoymayıb. Bütün tarixi, mədəniyyət və memarlıq nümunələri, mağara və kurqanlar, türbələr, qəbirüstü abidələr barbarcasına dağıdılıb və ya talanıb.

Tarixi yaddaş: İşğala qədər Füzuli şəhərində 18 min 965 nəfər əhali, başqa sözlə, 4741 ailə yaşayırdı. Şəhərin ərazisində 3487 həyət evi, 62 yaşayış binası, 5 xəstəxana, 3 kəhriz, 7 tarixi abidə, 19 məktəb, 10 bağça vardı. Həmçinin 1 mədəniyyət evi, 2 klub, 4 kitabxana, 5 musiqi məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, texniki peşə məktəbi, taksi parkı, barama qəbulu məntəqəsi, qədim hamam, yay kino-klubu, Füzulinin heykəli, “Araz” qəzetinin binası, XVII əsrə aid Hacı Ələkbər məscidi, Ağabala Abdullayevin abidəsi, Mədəniyyət Sarayı, mərkəzi bazar, toxuculuq fabriki, göz xəstəxanası və digər tikililər mövcud idi. İndi onlardan əsər-əlamət qalmayıb. Ola bilsin ki, Füzuli sakinlərindən kimsə bu fotolarda öz küçəsini, məhəlləsini, evini axtarsın. Amma çox təəssüf ki, daş-kəsək yığınından başqa heç nə görməyəcək...

Strateji mövqeyi ilə seçilən Mincivan qəsəbəsindən geriyə qalanlar

Zəngilanın ən böyük yaşayış məntəqələrindən biri olan Mincivan qəsəbəsinin hazırkı vəziyyətini əks etdirən fotolar bu ilin aprelində çəkilib. Göründüyü kimi, burada da bircə dənə salamat bina yoxdur. Halbuki magistral dəmir və şose yolları üzərində, strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşən Mincivan vaxtilə özünəməxsus siması ilə fərqlənirdi. Buradan Culfa-Horadiz-Sarıcalar-Osmanlı dəmir yolu xətti keçirdi. Rayon Ermənistan tərəfindən işğal edildikdən sonra Mincivan dəmir yolu stansiyası da fəaliyyətini dayandırdı. Sonradan ermənilər tərəfindən tamamilə dağıdıldı.

Tarixi yaddaş: İşğala qədər Mincivan qəsəbəsində 995 yaşayış evi və yardımçı bina olub. 1254 hektar ərazisi olan qəsəbədə 4600-dən çox əhali yaşayırdı. Burada 266 hektar əkin yeri, 14 hektar biçənək, 15 hektar tut bağı, 105 hektar üzüm bağı vardı. İyirmiyədək idarə binası, 3 məktəb, 3 uşaq bağçası, 4 kitabxana, 2 mədəniyyət evi, 2 poçt, 2 su anbarı, həmçinin musiqi məktəbi, kimya birliyi, taxıl anbarı, xəstəxana, məscid və digər tikililər Ermənistan ordusu tərəfindən dağıdılıb və ya talan edilib. Bundan başqa, dəmiryol xəstəxanası, qədim hamam, yay-qış kinoklubu, Dövlət Sərhəd Xidmətinin Mincivan sərhəd zastavasının komendantlığı da yerlə-yeksan edilən tikililər sırasındadır.

İşğalçı Ermənistan Qarabağda ekoloji terror da törədib. Zəngilandakı nadir çinar meşəsinin qırılması buna daha bir sübutdur. Bəsitçay çayı hövzəsində böyük bir ərazini əhatə edən, yüzilliklərdən keçib gələn bu çinar meşəsi sahəsinə görə planetdə ikinci, Avropada isə birinci məkandır. Təbii iqliminə, yeraltı sərvətlərinə, münbit torpaqlarına, əsrarəngiz təbiətinə görə rayon “Qızıl Zəngilan” adlandırılır. 1993-cü ilin oktyabrında Ermənistan tərəfindən işğal edilən Mincivan 2020-ci ilin oktyabrın 21-də azad olunub.

İşğaldan azad olunan ərazilərdə indi yenidənqurma işlərinə start verilib. Prezident İlham Əliyevin tapşırığına əsasən ilk “ağıllı kənd” layihəsi Zəngilanda icra olunacaq. Bu layihə üç kəndi – 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək. Hazırda təməlqoyma mərasimi üçün hazırlıq işləri aparılır.

Düşmənin xarabazara döndərdiyi yurd yerlərimizin “ağıllı” kəndlərə, şəhərlərə çevriləcəyi, bölgəyə həyatın tam qayıdacağı gün uzaqda deyil.

Daşı-daş üstə qalmayan Böyük Mərcanlı kəndi

AZƏRTAC-ın çəkiliş qrupunun Böyük Mərcanlı kəndindən göndərdiyi fotolar da ağlasığmaz dağıntılardan xəbər verir. Cəbrayıl rayonunun ən böyük kəndlərindən olan Böyük Mərcanlı Kiçik Qafqaz dağlarının cənub-şərqində, Qarabağ silsiləsində yerləşir.

Tarixi yaddaş: İşğaldan əvvəl kənddə 863 ev vardı. 3500-dən çox əhalinin yaşadığı kənddə 2 məktəb, xəstəxana və tibb məntəqəsi, klub, kitabxana, dəmir yolu stansiyası, stadion, kənd təsərrüfatı obyektləri, dəyirman, məişət evi, mebel mağazası və digər xidmət müəssisələri fəaliyyət göstərirdi. İndi bu evlərdən və sadaladığımız binalardan heç nə qalmayıb. Fotolardan göründüyü kimi, burada da dağıntıların miqyası ölçüyəgəlməzdir.

Qeyd edək ki, 1993-cü il avqustun 23-də Ermənistan ordusu tərəfindən işğal edilən Böyük Mərcanlı kəndi 27 ildən sonra, Vətən müharibəsinin ilk günündə - 2020-ci il sentyabrın 27-də azadlığa qovuşdu.

Təqdim olunan fotolar erməni vandalizminin yalnız cüzi bir hissəsini əks etdirir. Azad olunmuş bölgələrə səfər edən xarici jurnalistlər, diplomatlar oradakı dağıntıları, barbarlığı öz gözləri ilə görürlər. Görürlər ki, Azərbaycan 30 ildə necə bir düşmənlə üz-üzə qalmışdı. Azərbaycan tarixi ədaləti, torpaqlarımızın bütövlüyünü bərpa etdi və Vətən müharibəsi ilə daim böyük qürur hissi ilə xatırlanacaq bir tarix yazdı. Eyni zamanda, düşmənin Azərbaycana qarşı törətdiyi cinayətlər də unudulmayacaq, cəzasız qalmayacaq. Həmin cinayətlərə şahidlik edən bu foto-faktlar həm də qan yaddaşımızı nəsildən-nəslə, əsrdən-əsrə daşıyacaq.

Prezident İlham Əliyevin böyük inamla, qətiyyətlə dediyi kimi, düşmənin xaraba qoyduğu yurd yerlərimiz, eləcə də Füzuli şəhəri, Mincivan qəsəbəsi və Böyük Mərcanlı kəndi də tezliklə cənnətə çevriləcək. Dünya Azərbaycan xalqının qurub-yaratmaq əzminin, dövlətimizin güc və qüdrətinin bir daha şahidi olacaq".

Bizimlə əlaqə saxlayın