15 
Apr
2021
15:51
755

Bu gün görkemli elm xadimi Valeh Hacıların 70 yaşı tamam olur - FOTO

VALEH HACILAR - 70

(1951-2010)

Görkəmli alim, şair, pedaqoq və ictimai xadim, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, İ. Çavçavadze adına Tiflis Dövlət Universitetinin tam professoru Valeh Hacılar (Valeh Alpaşa oğlu Hacıyev) 15 aprel 1951-ci ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. Bakıda ali filoloji təhsil aldıqdan sonra vətəninə dönmüş, Azərbaycan və Gürcüstan Yazıçılar İttifaqının zəmanətləri ilə 1973-cü ildən Tbilisi Dövlət Pedaqoji İnstitutunda iş fəaliyyətinə başlamışdır. O, 1989-cu ildə TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilmiş və 17 il həmin kafedraya rəhbərlik etmişdir. 1984-cü ildə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Azərbaycan dilində şeir qoşan gürcü aşıqları” mövzusunda namizədlik dissertasiyası, 1993-cü ildə isə eyni institutda “Azərbaycan folklorunun səciyyəvi xüsusiyyətləri (Gürcüstandakı türkdilli folklor örnəkləri əsasında)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və həmin il müdiri olduğu kafedranın professoru seçilmiş V.Hacılar 2000-ci ildə Gürcüstan Ədəbiyyatşünaslıq Elmləri Akademiyasının gizli səsvermə yolu ilə seçimlərində şərqşünaslıq üzrə akademiyanın həqiqi üzvü, akademiki seçilmişdir.

V.Hacılar istər ədəbi əlaqələr, özəlliklə folklor əlaqələri, Gürcüstanın türkdilli folklor örnəklərinin toplanması, tədqiqi, nəşri, istərsə də Gürcüstan arxivlərindəki milli folklor nümunələrimizin aşkarlanması, gürcü dilinə tərcüməsi və nəşri məsələlərinin tədqiqi sahəsində olduqca geniş və məhsuldar işlər görmüş, folklorşünaslığımıza əvəzolunmaz töhfələr bəxş etmişdir. O, dəfələrlə xarici ölkələrdə keçirilən mötəbər elmi konfrans və simpoziumlarda Gürcüstan azərbaycanlılarını ləyaqətlə təmsil etmişdir.

Valeh Hacılar şair-tərcüməçi və Azərbaycanca-gürcücə ikidilli lüğətlərin və danışıq kitabçalarının ilk müəllifi kimi də tanınırdı. Şeirlərinin bir qismi gürcü dilinə tərcümə olunmuş, gürcü, rus, ukrayna və abxaz poeziyasından dilimizə çoxsaylı tərcümələr etmişdir. Gürcüstan arxivlərində xalqımızın tarixi ilə bağlı mühüm sənədlərin aşkar olunub üzə çıxarılmasında müstəsna xidmətləri olan V.Hacılar Borçalı əsilli əfsanəvi sərkərdə Mehralı bəy və Borçalıda qaçaq hərəkatı barədə mühüm tarixi araşdırmalar aparmış, bu mövzuda mükəmməl monoqrafiyalar yazmışdır. O, xalq ədəbiyyatına, ədəbi əlaqələrə dair, eləcə də tarixi-filoloji, leksikoqrafik və bədii səpgidə yazılmış 30-dan çox kitabın müəllifidir.

Valeh Hacılar eyni zamanda Gürcüstanda, Azərbaycanda və Türkiyədə tanınan fəal ictimai xadim idi. O, Azərbaycan Yazıçılar Birliyinin, Gürcüstan Prezidenti yanında Təhsil Şurasının, elmi adlar verən Professorlar Şurasının üzvü, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin ilk sədri (daha sonra fəxri sədri), Tiflisdə UNESCO xətti ilə nəşr olunan “Prometey” və “Qarapapaqlar”, Bakıda AMEA-nın Folklor İnstitutunun xətti ilə çap olunan “Dədə Qorqud”, Türkiyədə nəşr olunan “Milli folklor”, “Türkiyə araşdırmaları”, “Atatürk Universitetinin Türkiyat araşdırmaları” elmi jurnallarının redaksiya heyətlərinin üzvü, Gürcüstan təmsilçisi idi. V.Hacılar Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı-2001) Gürcüstan nümayəndə heyətinin rəhbəri kimi H.Əliyev adına Respublika Sarayında çıxış etmiş, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının və Əlaqələndirmə Şurasının idarə heyətinin üzvü seçilmişdir.

V.Hacıların həyatı və çoxşaxəli fəaliyyəti Türkiyəli alimlərin də diqqət mərkəzində olmuş, Atatürk Universitetində S.Alyılmaz tərəfindən bu mövzuda doktorluq dissertasiyası yazılıb müdafiə olunmuş (2002) və “Borçalılı bilim adamı, eyitimçi, şair Valeh Hacılar” adlı irihəcmli monoqrafiya nəşr olunmuşdur (Ankara-2003).

Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı şəxsi xidmətlərinə və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Valeh Hacılar 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilmişdir.

V. Hacılar 23 yanvar 2010-cu ildə vəfat etmiş və öz vəsiyyəti ilə doğma kəndində dəfn olunmuşdur.

Görkəmli alimin vəfatından sonra təsis olunmuş Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfi 2010-cu ildən etibarən uğurla fəaliyyət göstərməkdədir.

2012-ci ilin 12-16 aprel tarixlərində İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetində qeyd olunan universitetin, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun, Türkiyənin Ərdahan Universitetinin, Suxum Dövlət Universitetinin və Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə Valeh Hacıların xatirəsinə həsr olunmuş “Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” mövzusunda elmi simpozium keçirilmişdir.

Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndinin Mədəniyyət Evi Valeh Hacıların adını daşıyır.

Bizimlə əlaqə saxlayın