22 
Mar
2021
16:14
1182

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstan-Azərbaycan dövlətləri arasında mövcud dostluq və siyasi əlaqələrdən danışıb- MÜSAHİBƏ

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan-Azərbaycan dövlətləri arasında mövcud dostluq və siyasi əlaqələrdən və Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məsələlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin mövqeyindən danışıb.

InterPress.ge xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu mövzular çərçivəsində ünvanlanan sualları cavablandırıb.

O, eləcə də müsahibə verən zaman cari ilin sentyabr ayında başlayan II Qarabağ müharibəsində Komitənin fəaliyyətindən, pandemiya zamanı xarici ölkələrdə yaşayan soydaşlara Komitə tərəfindən edilən yardımlardan və s. bəhs edib.

Sözügedən müsahibəni sizə təqdim edirik:

Fuad müəllim, Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərinin dərin tarixi vardır. Gürcüstanda yaşayan azərbaycanlılar ilə bağlı məsələlər hər zaman iki ölkə rəhbərlərinin diqqət mərkəzindədir. Xahiş edirik, bunla bağlı münasibətinizi bildirəsiniz.

Müsahibəmə Möhtərəm Prezident İlham Əliyevin ölkələrimizin zəngin irsinin aydın şəkildə mənzərəsini ifadə edən müdrik bir fikri ilə başlamaq istərdim: “Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynayırlar. Gürcüstan və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Bu, bizim böyük sərvətimizdir. Ölkələrimizdə yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər. Bu, ölkələrimizin bugünkü və gələcək inkişafı üçün çox önəmli amildir”.

Həqiqətən də bu gün tarixi dostluq əsasında formalaşmış Azərbaycan-Gürcüstan münasibətləri mehriban qonşuluq şəraitində yeni mərhələdə dinamik inkişaf edir. İki dövlət və xalq arasındakı əlaqələr Cənubi Qafqaz regionu üçün parlaq nümunəyə çevrilib, sülhü tərənnüm etdirir.

Gürcüstanda yaşayan azərbaycanlılar ilə bağlı məsələlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir və bu Diasporla İş üzrə Dövlət Komitəsinin də prioritet istiqamətlərindədir.

Azərbaycanla Gürcüstan arasındakı dostluq münasibətlərinin dərin tarixi olduğu kimi, münasibətlərimizin tarixinə hər il yeni-yeni səhifələr yazılır. Bu mühüm amil xalqları bir-birinə daha da yaxın edir. Bunun təməli dahi lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda yüksələn xətlə davam etdirilir. Hazırda bu siyasət dövlət başçımız möhtərəm İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə rəsmi görüşləri iki dost ölkə arasında strateji münasibətlərin bundan ¬sonra da inkişaf edəcəyinə inamı daha da gücləndirir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Vətən müharibəsi dövrində Komitənin fəailyyəti barədə məlumat verməyinizi xahiş edərdik.

Tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

44 günlük hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız siyasi baxışından, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaşayan, müharibədən zərər çəkən dinc sakinlərə maddi, humanitar yadımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq ortaya qoydu. Milli birliyimiz cəbhədə Azərbaycanın böyük qələbəsi ilə nəticələndi və beləliklə Azərbaycan xalqı və dövləti ilə bərabər diasporumuz da yeni bir mərhələyə qədəm qoydu. Gürcüstanda yaşayan soydaşlar da daxil olmaqla xarici ölkələrdə məskunlaşmış icma və diaspora təşkilatlarından çoxsaylı yardımlarının çatdırılması, diaspora mövqeyindən milli birliyimizin təminatı, dünya birliyinə erməni saxtakarlıqlarının və Azərbaycan həqiqətlərinin çatdırılmasında Diasporla İş üzrə Dövlət Komitəsinin də müəyyən xidmətlərinin olduğu daılmazdır.

Pandemiya dövründə Diaspor Komitəsin xaricdə yaşayan həmvətənlərimizlə əlaqələri necə qurmuş və onlara hansı yardımları göstərmişdir?

Deyərdim ki, pandemiya başlandıqdan sonra Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə fəaliyyət göstərən Azərbaycan evləri, koordinasiya şuraları və diaspor təşkilatlarımızın vasitəsi ilə bütün mümkün olan imkanlarını səfərbər edərək soydaşlarımızın daim yanında oldu. Həmçinin, Komitə minlərlə soydaşımızın vətənə təxliyəsində fəallıq göstərildi. Eyni zamanda, Komitə xarici ölkələrdə təhsil alan tələbələrimizi daim diqqət mərkəzində saxlayır, Təhsil Nazirliyi və digər aidiyyatı qurumlarla birlikdə onlarla görüşlər təşkil edir, problemlərinin həllinə daim dəstək verir.

Pandemiya dövrünün ilk günündən Komitə 24 saat fəaliyyət göstərən “qaynar xətt”lə kifayətlənməyərək, əməkdaşlarını pandemiyanın tüğyan etdiyi ölkələrə göndərməklə, vəziyyəti yerində dəyərləndirmək xəttini tutmaqla, hər bir vətəndaşımıza individual yanaşa sərgilədi. Hətta, təxliyə prosesində Komitə rəsmilərinin yaxından iştirakını, xarici ölkələrdəki aztəminatlı Azərbaycanlı ailələrə maddi-mənəvi yardımlar göstərdi. Daxil olan hər bir müraciətə qurum tərəfindən həssaslıqla yanaşılmışdır.

Cənab Prezidentin birbaşa nəzarətində olan pandemiyadan qorunma, nəticələrinin minimuma endirilməsi prosesinə, xaricdə yaşayan azərbaycanlılar da böyük həvəslə qoşuldular. Bu, bir daha göstərdi ki.İlham Əliyev təkçə Azərbaycanda yaşayan vətəndaşların deyil, bütün Azərbaycanlıların Prezidentidir.

Bu gün ən önəmli məsələ Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Bu istiqamətdə Komitə tərəfindən dəstək verilən hansi layihələr daha prioritet hesab olunur?

2018-cu ilin iyun ayında Komitənin nümayəndə heyəti Gürcüstanda səfərdə olub. Azərbaycanlılar yaşayan bölgələrdə yerli sakinlərlə görüşüb onların problemləri, qayğıları ilə tanış olub, icra orqanlarının rəhbərləri və bir sıra rəsmi qurumlarda görüşlər keçirib. Soydaşlarımızın burada təhsil, səhiyyə və sosial problemlərini öyrəndik. Lakin diqqət yetirdiyimiz ən önəmli məsələ Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Çünki, yalnız cəmiyyətə inteqrasiya etmiş, vətəndaşı olduğu dövlətin dilini, qanunlarını bilən bir toplum öz hüquqlarını qoruya, normal yaşam şərtlərini təmin edə bilər.

Təbii ki, Gürcüstan azərbaycanlılarının problemlər uzun illər ərzində yığılıb qalmış, SSRİ-nin süqutundan sonra yaranmış situasiyanın doğurduğu fəsadlardır və soydaşlarımızın orada torpaq, təhsil və sair sahələrdə problemləri var. Bunlar qısa zamanda həll olunası məsələlər deyil və inanırıq ki, Azərbaycan hökumətinin Gürcüstan hökuməti ilə sıx əməkdaşlığı şəraitində bütün problemlər tədricən həllini tapacaq.

Gürcüstana səfər çərçivəsində iki ölkə münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstanın vətəndaş cəmiyyətinə inteqrasiyasına yardım olunması, bu proseslərdə Gürcüstan azərbaycanlılarının fəal iştirakının təmin edilməsi və soydaşlarımızın, xüsusilə gənc və yeniyetmələr üçün elm, təhsil, mədəniyyət, idman, sosial və digər sahələrdə layihələrin həyata keçirilməsi məqsədilə yaradılmış Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin açılışında iştirak etdim. Tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdıraraq, iki dövlət arasındakı dostluğun sarsılmaz olduğunu və münasibətlərin daha da möhkəmləndirildiyini diqqətə çatdırdıq. Bildirim ki, Marneulidə açılan inteqrasiya mərkəzi ilə bağlı təklif yerli gənclər tərəfindən irəli sürülmüşdür. Olduqca vacib layihə olan mərkəzin açılması ilə təhsil, idman və s. sahələrdə yeni nailiyyətlər əldə edilib.

Gürcüstanda yaşayan azərbaycanlılar dövlətçiliyə sadiq, zəhmətkeş və vətənpərvərdirlər. İnanıram ki, Azərbaycan və Gürcüstan birgə səylərlə Gürcüstan azərbaycanlılarının inteqrasiyası sahəsində böyük nəticə əldə edəcək.

Gürcüstana səfəriniz zamanı keçirdiyiniz görüşlərlə bağlı öz təəssüratlarınızla bölüşmək istərdik.

Sadaladıqlarımla yanaşı Nümayəndə heyəti ilə birgə Dmanisiyə səfər etdik, bir sıra maraqlı görüşlər keçirdik. Heydər Əliyev Fondunun dəstəyilə inşa olunmuş Dmanisi Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olduq.

Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində önəmli tədbirlərdən biri də Heydər Əliyev Fondunun hədiyyəsi olan 20 əlil arabasının təqdim edilməsi oldu. Eyni zamanda, bildirim ki, səfər çərçivəsində Heydər Əliyev Fondu adından Bolnisi və Qardabani rayonunlarına yeni nəsil təcili tibbi yardım avtomobili hədiyyə olundu.

Qeyd edim ki, Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində Laqodexi rayonunda da oldu. Azərbaycan dövlətinin Gürcüstanda yaşayan azərbaycanlıların inteqrasiyası və sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi layihə və tədbirlərdən də söz açıb geniş fikir mübadiləsi apardıq.

Regionlarla əlaqədar uğurlarla yanaşı, ümumi problemlər də mövcuddur. Əslində buna problem deməzdim, sadəcə görüləsi işlərdir. Yəni, dilimizin qorunması və yaşadılması, soydaşlarımızın assimlilyasiya deyil, inteqrasiya etməsi hər zaman aktualdır və Komitə olaraq da bu məsələlər qarşımızda qoyulan əsas vəzifələrdəndir.

Hazırda Komitə xaricdə Azərbaycan məktəblərinin sayının artırılması, soydaşlarımızın dilimiz, tariximiz, mədəniyyətimiz və ümumilikdə ölkəmiz haqqında daha geniş informasiyalar əldə etməsi üçün ardıcıl addımlar atır. Amma görülən işlər, yalnız məktəblərlə tamamlanmır.

Rəhbərlik etdiyiniz Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması Azərbaycan diasporun fəaliyyətinə və xalqlararası əlaqələrin inkişafına hansı töhfələri verir.

Azərbaycan xalqının Ümummillli lider Heydər Əliyev müstəqillik dövründə ölkə rəhbərliyinə seçildikdən sonra xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılması, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi bu sahəyə məsul dövlət qurumunun yaradılması ilə nəticələndi. Ulu öndər Heydər Əliyev tərəfindən 2002-ci ildə «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzalandı. 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu illər ərzində azərbaycanlıların təşkilatlanması istiqamətində müəyyən işlər görüldü, diaspor təşkilatları ilə əlaqələr quruldu və birgə fəaliyyət planı qəbul olundu. Dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli inteqrasiya meyillərinin güclənməsi bu gün diasporla iş sahəsində daha effektiv fəaliyyət göstərməyi vacib edir.

Müasir dövrdə diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatının vacib komponentinə çevrilir, xarici siyasətə təsir imkanları əldə edir, dövlətlər arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Diasporların dövlətlər arasındakı münasibətlərə təsiri onların daxili mahiyyəti, özünəməxsus xarakteri, konkret bir mədəniyyətin daşıyıcısı olması, təmsil etdiyi millətin, xalqın, yaxud etnosun tarixi mənafelərini ifadə etməsi ilə bilavasitə bağlıdır. Çünki dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir xalqın diasporu, yalnız özünün hüquq və azadlıqlarının qorunmasına çalışmır, həm də milli mədəni irsini təbliğ etməyə, tarixi Vətəni haqqında rəy formalaşdırmağa, onun rifahı və inkişafına dəstək olmağa səy göstərir.

Komitənin strateji hədəflərə yönələn yenilənmiş fəaliyyət proqramını necə qiymətləndirirsiz?

Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbər təyin edildiyim gündən etibarən strateji hədəflərə yönələn yenilənmiş fəaliyyət proqramı çərçivəsində artıq intensiv tədbirlərin həyata keçirilməsinə başlanılıb. Türkiyə, Fransa, Almaniya, Rumıniya, Ukrayna, Rusiya, Gürcüstan, İsveçrə, İsveç, Hollandiya, Çin və Amerika Birləşmiş Şatatlarına səfərlər edilib, soydaşlarımız və diaspor fəalları ilə görüşlər keçirilib, onların problemləri öyrənilib və həlli istiqamətində əməli tədbirlər görülür. Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə Almaniya, Fransa, İsveçrə, İsveç, Hollan¬diya, Skandinaviya və Amerika Birləşmiş Ştatlarında Azərbaycanlıların Koor¬dinasiya Şuraları təsis edilib. Eyni zamanda, bu ölkələrdə soydaşlarımızın diaspor fəaliyyətinin səmərəliliyinin artırılması və tədricən lobbiçilik fəaliyyətinə keçid istiqamətlərinin müəyyənləşdirilməsi üçün Komitə rəsmilərinin həmin ölkələrdə bir sıra görüşləri keçirilib.

Dünyada yaşayan azərbaycanlı gənclərin birliyinin daha da möhkəmləndirilməsi yolunda hansı addımlar atılır?

Gənclərin şəbəkələşməsi istiqamətində bir sıra davamlı addımlar atılır.Komitənin strukturuna gənclərlə iş təşkil edən yeni bölmə yaradılıb. Dünyada yaşayan azərbaycanlı gənclərin birliyinin daha da möhkəmləndirilməsi yolunda atılmış növbəti addımlardan biri 37 ölkədən 140 gəncin iştirakı ilə “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsinin keçirilməsi çərçivəsində “Azərbaycan Diaspor Gəncləri” şəbəkəsinin təsis edilməsidir.

Bir sözlə, soydaşlarımızın yaşadıqları dövlətlərin cəmiyyətinə dərindən inteqrasiya olunması, həmin ölkələrin ictimai-siyasi, iqtisadi və mədəni həyatında getdikcə daha fəal rol oynaması zəruridir. Bunlar respublikamızın beynəlxalq əlaqələrinin genişlənməsinə, Azərbay¬can reallıqlarının dünyaya daha yaxşı təqdim olunmasına, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğinə əlverişli şərait yaradır. Eyni zamanda, dünyanın müxtəlif şəhərlərində artıq fəaliyyətə başlayan, gələ¬cəkdə digər ölkələrdə də açılması nəzərdə tutulan Azərbaycan mədəniyyət mərkəz¬ləri və Azərbaycan dili məktəbləri diasporumuzun imkanlarını daha da artırır. Azərbaycan dövlətinin dəstəyi, ölkə başçısı cənab İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısı və bu istiqamətdə verdiyi tapşırıqlar diaspor təşkilatlarımızin bundan sonra da öz səylərini daha da gücləndirəcəyinə böyük ümidlər verir.

Son illər ərzində Komitə daha çox hansı istiqamətə fokuslanıb və öz fəaliyyətində nə kimi yeniliklər tətbiq edir?

Xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması ilə əlaqədar dünyadakı beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin miqrasiya və bilavasitə diaspora məsul dövlət orqanları, qeyri-hökumət qurumları, Azərbaycandakı beynəlxalq təşkilatlar və səfirliklər ilə birbaşa əməkdaşlıq yaradılıb. Səfərdə olduğumuz hər bir ölkədə müvafiq qurumlarla da görüşlər keçirir, möbcud problemlər və onların həlli yolları ilə bağlı müzakirələr aparır və dəstək olmağa çalışırıq.

Bir sıra ölkələrdə müvafiq kurslar fəaliyyət göstərir. Davamlı olaraq fəaliyyət göstərən kurslarda Azərbaycan dili tədris edilir, qədim tarix və mədəniyyətimizin incəlikləri nəinki həmvətənlərimizə, onların övladlarına, eyni zamanda xarici ölkə vətəndaşlarına da öyrədilir. Görülən bu işlərdə məqsəd miqrasiya etmiş soydaşlarımızın adaptasiyasına dəstək olmaq, uşaqların inkişafını təmin etmək, onlara Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximizi öyrətmək, həmçinin gənc nəsil arasında istedadların aşkar olunaraq inkişafına kömək etməkdir. Bütün bunlar, həm də azərbaycanlı ailələrin bir-biri ilə ünsiyyəti baxımından faydalıdır.

Beləliklə də, Azərbaycan dili, tarixi və mədəniyyətinin təbliği ilə yanaşı, eləcə də Azərbaycanın zəngin milli-mədəni irsə malik olduğu, azərbaycanlıların tolerant və sülhpərvər bir xalq olduğu bir daha dünyaya bəyan edilir.

Komitə ilk dəfə olaraq xarici ölkələrin diaspor sahəsində dövlət siyasətinə cavabdeh qurumları ilə qarşlıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb. Bu anlaşma ilk olaraq Rumıniyanın Xaricdə Yaşayan Rumınlarla İş üzrə Nazirliyi arasında baş tutub. Anlaşma Memarandumu iki strateji tərəfdaş ölkənin diasporunun birgə əməkdaşlığını və təcrübə mübadiləsini nəzərdə tutur.

Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Toplulukları İdarəsi ilə Komitə arasında da “Diasporla iş sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandomu imzalanıb. Bu sənəd qardaş ölkənin analoji qurumu ilə daha sıx və səmərəli əməkdaşlığa şərait yaradacaq.

Xüsusi qeyd edim ki, son dövrdə digər xalqların diasporları ilə əlaqələr yaradılıb, sıx əməkdaşlıqların qurulması istiqamətində əməli işlər aparılır.

Komitənin internet televiziyası Diaspor TV yaradılaraq aktiv fəaliyyəti təmin edilib. Paralel olaraq, Komitənin İctimai Televiziya ilə birgə layihəsi çərçivəsində ayda bir dəfə “Vətən uzaqda deyil” adlı veriliş yayımlanır. Verilişdə xaricdə yaşayan soydaşlarımızla müsahibələr, həyata keçirilən layihələr barədə videoreportajlar və s. yer alır.

Müasir dövrün tələbinə uyğun olaraq sosial şəbəkələrə – əsasən facebook.com, twitter.com, telegram.org və youtube-a diqqət artırılıb. Diaspor təşkilatlarına onların elektron və sosial mediada işini gücləndirmək məqsədilə informasiya-kommunikasiya texnologiyaları sahəsində tam ödənişsiz texniki dəstək təklif edirik.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin radiosu Diaspor.FM test yayıma başlayıb. Həm veb üzərindən, həm də mobil tətbiq vasitəsi ilə yayım aparılır.

Bu tip layihələrin həyata keçirilməsində əsas hədəflərimizdən biri də internet məkanında Azərbaycan həqiqətləri ilə bağlı informasiyaların – kontentin üstünlüyünə nail olmaqdır.

Sonda nə demək istəyərdiniz?

Fürsətdən istifadə edib müxtəlif ölkədə olan azərbaycanlıları və Azərbaycan diasporunun nümayəndələrini Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.

Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində, dünyanın azərbaycanlı yaşayan hər bir yerində qeyd edilir, müxtəlif şənlikləri və mərasimlə keçirilir. Bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.

Baharın bu ilki gəlişi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü ilə üst-üstə düşür. Əsrlərin sınağından çıxmış Novruz bayramının Azərbaycanda dövlət səviyyəsində ən yüksək səviyyədə keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir.

Hər bir azərbaycanlıya, habelə tarixən Gürcüstanda sülh şəraitində yaşayan soydaşlarımıza, eyni zamanda gürcü qardaşlarımızı qarşıdan gələn qədim ənənələri təcəssüm etdirən Novruz bayramı münasibətilə təbrikimi çatdırıram.

Müsahibə üçün təşəkkür edirəm. Sizə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Bizimlə əlaqə saxlayın