Gürcüstanda nəqliyyat vasitələrinin istismarı zamanı yaranan səs-küyün icazə verilən həddi 80-dən 100 desibelə qədər artırılıb.
InterPress.ge xəbər verir ki, Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yeni qaydaya əsasən, yaşayış məntəqələrində gecə saatlarında — 23:00-dan 08:00-dək nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan səs-küyün səviyyəsi 100 desibeli keçməməlidir.
Səs-küy səviyyəsinə Daxili İşlər Nazirliyinin müvafiq səlahiyyətli bölmələri nəzarət edəcək. Yoxlama zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları beynəlxalq ISO 5130:2019 standartına uyğun portativ ölçmə cihazlarından istifadə edəcəklər.
Qanunvericiliklə müəyyən edilmiş 100 desiballıq səs-küy həddinin aşılması sürücünün 100 lari məbləğində cərimələnməsi və sürücülük vəsiqəsinə verilmiş balın 10 bal azaldılması ilə nəticələnəcək.
Eyni inzibati xətanın təkrar törədilməsi halında 200 lari məbləğində cərimə və sürücülük vəsiqəsindəki balın 20 bal azaldılması nəzərdə tutulur. Üçüncü və hər növbəti belə hal isə 300 lari cərimə və sürücülük vəsiqəsindəki balın 30 bal azaldılması ilə nəticələnəcək.
Daxili İşlər Nazirliyinin əməkdaşları ictimai asayişin təmin edilməsi məqsədilə yol hərəkətinin inzibati qaydada tənzimlənməsi və müvafiq hüquqi tədbirlərin görülməsini bundan sonra da aktiv şəkildə davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, 2026-cı il sentyabrın 1-dən Patrul Polisi əməkdaşları avtomobilləri səsölçən cihazlarla yoxlamağa başlayıblar. Əvvəlki qaydaya əsasən, yaşayış məntəqələrində gecə saatlarında — 23:00-dan 08:00-dək avtomobillərin istismarı zamanı yaranan səs-küy 80 desibeldən çox olmamalı idi.
Bu tənzimləmə həmin dövrdə sürücülər və sahə üzrə mütəxəssislər tərəfindən ciddi tənqid olunmuş, onlar qaydaların dəyişdirilməsini tələb etmiş və tətbiq mexanizminin bəzi hallarda absurd həddə çatdığını bildirmişdilər.
