09 
Mar
2020
17:56
2622

Gürcüstanda yerli azərbaycanlılar arasında gürcüdilli məktəblərin populyarlığı artır

Gürcüstanda övladını gürcüdilli məktəbə qoyan yerli azərbaycanlı valideynlərin sayı ildən-ilə artır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (Rondeli Fondu) yerli azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonu ilə bağlı araşdırmasında bildirilib.

Müəyyən edilib ki, Qardabani sakinləri gürcü dilinə yiyələnmənin əhəmiyyətini anlayırlar: “Valideynlərin çoxu uşaqlarını rayondakı gürcüdilli məktəblərə və ya kəndlərdəki məktəblərin gürcüdilli sektorlarına göndərirlər. Bununla yanaşı, bəzi imkanlı ailələr övladlarını Tbilisi və ya Rustavi şəhərlərində yerləşən gürcüdilli dövlət və özəl məktəblərə aparırlar”, - deyə sənəddə yazılıb.

Bildirilib ki, Qardabani rayonunda tədrisi Azərbaycan dilində olan 13 məktəb var ki, onların 7-si tam azərbaycandilli, 6-sı isə gürcü/azərbaycandillidir.

Azərbaycandilli məktəblərdə çalışan müəllimlər arasında yaşlıların üstünlük təşkil etməsi Qardabaninin təhsil sahəsindəki əsas problemlərdən biri kimi göstərilib.

Araşdırma müəllifi Aleksandre Kvaxadze bildirib ki, Qardabanidə, xüsusən də əhalisinin böyük əlsəriyyətini yerli azərbaycanlılar təşkil edən kəndlərdə uşaq bağçalarının çatışmazlığı müşahidə olunur. Qeyd olunub ki, bu yaxınlarda Muğanlı, Vaxtangisi, Nəzərli, Kosalı və Candar kəndlərində bağçalar açılıb və yeni məktəbəqədər təhsil müəssisələrinin inşasının davam etdirilməsinə ehtiyac var.

Sənəddə vurğulanıb ki, Qardabaninin yerli azərbaycanlı sakinləri arasında gürcü dilinin səviyyəsi qeyri-qənaətbəxşdir və bu da iki faktordan – təhsil və etnik gürcülərlə qarşılıqlı əlaqədən çox asılıdır.(Report)

Bizimlə əlaqə saxlayın