Aygül İsayevaın müəllifi olduğu kitabın təqdimatı keçirilib
Oktyabrın 17-də M. F. Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində ictimai xadim, iqtisadiyyat üzrə fəlsəfə doktoru, “Maarif” təşkilatının direktoru Aygül İsayevaın müəllifi olduğu “Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı keçirilib.
InterPress.ge xəbər verir ki, elmi araşdırmalara əsaslanan nəşr Gürcüstanda azərbaycandilli məktəblərdə ana dilinin tədrisinə, şagirdlərin Azərbaycan dilini mənimsəməsinə təsir edən amillərə, eləcə də ana dilinin qorunması və gələcək nəsillərə ötürülməsi məsələlərinə həsr olunub.
Tədbiri muzeyin direktoru Leyla Əliyeva açaraq müəllifi yeni nəşr münasibətilə təbrik edib və çıxış üçün sözü ona verib.
Dr. Aygül İsayeva kitab haqqında ətraflı məlumat verərək bildirib ki, uzun illərdir Gürcüstanda azərbaycandilli məktəblərin sayının azalması ilə yanaşı, ana dilinin tədrisi sahəsində də ciddi problemlər mövcuddur. O, xüsusilə 2006-cı ildə İlia Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisasına tələbə qəbulunun dayandırılmasının ixtisaslı kadrların hazırlanmasına mənfi təsir göstərdiyini vurğulayıb.
Müəllifin sözlərinə görə, ana dili dərslərinin saatlarının azaldılması, buraxılış imtahanının ləğvi, dərsliklərin tərcüməsi zamanı yol verilən səhvlər və ixtisaslı müəllim çatışmazlığı şagirdlərin Azərbaycan dilini mənimsəməsində çətinlik yaradan əsas amillərdəndir. Kitabda bu problemlər müəllim və şagirdlərin fikirləri əsasında araşdırılıb, onların həlli üçün diqqət yetirilməli məsələlər təhlil olunub.
Aygül İsayeva qeyd edib ki, kitabın məqsədi yalnız mövcud problemləri üzə çıxarmaq deyil, həm də onların həllinə diqqət çəkməkdir. O bildirib ki, ana dilinin qorunması və gələcək nəsillərə ötürülməsi yalnız təhsil məsələsi deyil, həm də milli kimliyin və mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Təqdimatda Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil üzrə müşaviri Fuad Çıraqov və Türkiyə Respublikasının Tbilisidəki səfirliyinin təhsil müşaviri Yüksel Kara çıxış ediblər. Çıxışlarda kitabın mövzusu, ana dilinin tədrisinin əhəmiyyəti və Azərbaycan dilinin qorunmasının vacibliyi ilə bağlı fikirlər səsləndirilib.
Tədbirdə, həmçinin alim, şair və jurnalist, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli, Azərbaycan dili və ədəbiyyatı müəllimləri Fatma Əliyeva və Sevda Şahverdiyeva, “Yeni Yol” qəzetinin redaktoru Azər Musaoğlu, Gürcüstan parlamentinin keçmiş deputatı Ramiz Bəkirov, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, eləcə də təhsil işçiləri, ziyalılar və digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər ana dilinin milli kimliyin qorunmasındakı rolunu vurğulayıb, Azərbaycan dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsinin və gənc nəslin ana dilinə marağının artırılmasının vacibliyini qeyd ediblər.
Kitabın təqdimatı ana dilinin qorunması, tədrisi və inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olub.



