08 
Okt
2026
23:44
111

GAİM-də Marneulidə yeni tədris mərhələsinə start verilib

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Tədbirdə müəllimlər, valideynlər və təhsil sahəsinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov tədbir iştirakçılarını salamlayaraq mərkəzin fəaliyyəti və yeni layihənin məqsədləri barədə məlumat verib.

Layihə çərçivəsində mental arifmetika Marneulidə ilk dəfə GAİM-də tədris olunacaq. Tədris prosesi təcrübəli müəllim Sayalı İsmayılova tərəfindən həyata keçiriləcək.

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin ibtidai təhsil ixtisası üzrə bakalavr və psixologiya üzrə magistr məzunu olan Sayalı İsmayılova dörd fənn üzrə baş müəllimdir. O, Azərbaycan və gürcü sektorlarında 4 illik pedaqoji təcrübəyə malikdir.

Yeni tədris proqramı məktəb şagirdləri ilə yanaşı, məktəbəqədər yaşlı uşaqları, abituriyentləri və müəllimləri də əhatə edir. Proqram çərçivəsində Azərbaycan və gürcü sektorları üzrə tədris, məktəbəqədər hazırlıq və milli imtahanlara hazırlıq, gürcü və ingilis dillərinin tədrisi, fərdi yanaşmaya ehtiyacı olan uşaqlarla iş və psixoloji dəstək xidmətləri təqdim olunacaq.

Tədris prosesinə ixtisaslı və təcrübəli müəllimlər cəlb edilib. Dərslər zamanı sensor lövhələr, müasir texnologiyalar, interaktiv oyunlar və xüsusi hazırlanmış tədris resurslarından istifadə olunacaq.

Tədbirdə “AMAKids” və “Sumato” mental arifmetika proqramlarını Gürcüstana ilk gətirən İnqa Nodia da iştirak edib. O, əməkdaşlığın Sayalı İsmayılovanın təşəbbüsü ilə yaradıldığını və onun Marneuli regionunda proqramların yeganə nümayəndəsi olduğunu bildirib.

Yeni layihənin əsas məqsədi Marneulidə müasir təhsil imkanlarını genişləndirmək, şagird və abituriyentlərin inkişafına, eləcə də müəllimlərin peşəkar fəaliyyətinə dəstək göstərməkdir.

Bizimlə əlaqə saxlayın