Nüvə materialını satmaq istəyən şəxs saxlanıldı
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları nüvə materialı ilə qanunsuz davranma faktı üzrə ölkə vətəndaşını saxlayıblar. Saxlanılan şəxsin əlində olan “Uran-238” nüvə materialını xarici ölkə vətəndaşına 700 min ABŞ dollarına satmağı planlaşdırdığı bildirilir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat və Xüsusi Əməliyyatlar departamentlərinin əməkdaşları tərəfindən birgə keçirilmiş tədbir nəticəsində radioaktiv maddə olan uranla qanunsuz davranma faktı üzrə Gürcüstanın bir vətəndaşı saxlanılıb.
“İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs əlində olan “Uran-238” nüvə materialını xarici ölkə vətəndaşına 700 min ABŞ dollarına satmağı planlaşdırıb.
Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə aparılır. Həmin maddə 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – məlumatda qeyd olunub.


