Levan Maçavariani: “Gürcüstan parlamentə və hökumətə etimada görə Avropanın ilk beşliyindədir”
“Bir neçə gün əvvəl Avropa İttifaqı tərəfindən dərc edilmiş genişmiqyaslı araşdırmaya görə, parlamentə xalqın etimadı baxımından Gürcüstan Avropanın ən yaxşı on ölkəsi sırasındadır, hökumətə etimada görə isə artıq ilk beşliyə daxil olmuşuq”, – “Gürcü Arzusu” parlament fraksiyası sədrinin birinci müavini Levan Maçavariani sosial şəbəkədə yazıb.
InterPress.ge xəbər verir ki, Maçavarianinin sözlərinə görə, 2022-ci ildən etibarən Brüssel faktiki olaraq “gündəlik” rejimdə Gürcüstan hökumətini tənqid edir, həmçinin çoxsaylı yalan və dezinformasiya yayır və inqilabları maliyyələşdirir.
Maçavariani qeyd edib ki, avro-bürokratlar Gürcüstanın Orta Dəhlizin əsas ölkələrindən biri olduğunu və Qara dənizə çıxışının olduğunu da qəbul etməli olacaqlar.
“Bundan əlavə, demokratiyanın keyfiyyətinə dair onların özlərinin dərc etdikləri bütün araşdırma və indekslərə görə Gürcüstan qabaqcıl mövqedədir.
Bütün bunlara baxmayaraq, 2022-ci ildən etibarən Brüssel faktiki olaraq “gündəlik” rejimdə bizi tənqid etməklə məşğuldur. Tənqidlə yanaşı, çoxsaylı yalan və dezinformasiya yayır və daha təəssüf doğuranı isə inqilabları maliyyələşdirir.
Bütün bunlar Almaniya və Fransa liderlərinin reytinqlərinin tarixi minimuma endiyi, İslandiyanın nəinki Avropa İttifaqına üzvlükdən, hətta danışıqların bərpasından belə imtina etdiyi, alman xalqının Brüsselin idarə etdiyi siyasi elitanın gündəliyini qəti şəkildə rədd etdiyi və ən əsası, ABŞ-la münasibətlərin hər gün pisləşdiyi bir vaxtda baş verir.
ABŞ-ın hazırkı administrasiyası öz siyasi gündəliyinə uyğun olaraq Brüsseli də sərt tənqid edir. Brüsselin hakim sinfi öz fundamental dəyərlərindən uzaqlaşıb və Avropa xalqlarının maraqlarına xidmət etmir. ABŞ-ın milli təhlükəsizlik strategiyası sənədində qeyd edildiyi kimi, Brüssel hazırkı siyasəti ilə Avropa İttifaqını sivilizasiya uçurumuna doğru aparır.
Avropa xalqının tələbi bunlar deyil:
* ifrat solçu, psevdoliberal ideologiya;
* LGBT təbliğatı;
* nəzarətsiz, qeyri-qanuni miqrasiya;
* ucuz enerji resurslarından imtina;
* Rusiya-Ukrayna müharibəsinin “sonuncu ukraynalıya qədər” maliyyələşdirilməsi.
Avro-bürokratların yalan və dezinformasiya yayması məhz Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə başladığı gündən etibarən başlayıb. Demokratiyanın geriləməsi ilə bağlı ittihamlar irəli sürülməyə başlanıb.
Daha sonra isə inqilabların təşviqi və maliyyələşdirilməsi başlayıb. Onlar istənilən yolla “Gürcü Arzusu”nu özlərinin idarə etdiyi agentura ilə əvəz etməyə çalışırlar. Səbəb isə yalnız budur ki, “Gürcü Arzusu” Gürcüstanın proksi ölkə kimi istifadə edilməsindən imtina edib!
Qapalı görüşlərdə bizi müharibəyə qoşulmağa razı sala bilmədikdən, cənab Bidzina İvanişviliyə şantaj məqsədilə de-fakto sanksiyalar tətbiq etdikdən, Brüsseldən maliyyələşdirilən aksiyalara baxmayaraq Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən, Ukraynada döyüşmək üçün könüllülərin hökumətin rəsmi icazəsi ilə göndərilməsindən və silahlarımızın Ukraynaya təhvil verilməsindən imtina etdikdən sonra gündəmə namizəd statusu məsələsindən istifadə etməklə inqilab təşkil etmək gətirildi.
2022-ci ilin aprelindən etibarən agentura partiyalarının, varlı QHT-lərin və onların ifrat solçu, psevdoliberal fəallarının iyun ayında baş verəcək inqilabi hadisələrə hazırlığına başlanıldı.
2025-ci il oktyabrın 4-də baş verəcək inqilaba hazırlıq isə Brüsselin dəstəklədiyi agentura tərəfindən aylar əvvəl başlamışdı. Hadisədən bir neçə gün əvvəl Avropa Komissiyası hakimiyyətin devrilməsi planına rəsmi olaraq həmrəyliyini ifadə etdi.
2022-2025-ci illər arasında Brüssel tərəfindən dəstəklənən və maliyyələşdirilən daha üç inqilab cəhdinin şahidi olduq. İnqilab ssenariləri barədə əvvəlki paylaşımlarımda çox ətraflı danışmışam.
Qeyd etdiyim kimi, inqilab cəhdlərindən əlavə, Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər onların tərəfindən çoxsaylı ədalətsizlik, yalan, dezinformasiya və daxili işlərimizə kobud müdaxilənin şahidi olmuşuq:
* namizəd statusundan istifadə edərək bizə təzyiq göstərdilər;
* Gürcüstanın şəffaflıq haqqında qanununu “Rusiya qanunu” adlandırdılar;
* Saakaşviliyə görə 27 üzv ölkənin hamısının səfirinə demarş etməyi tapşırdılar;
* bütün qətnamələrdə onu siyasi məhbus kimi təqdim etdilər;
* Zurab Adeişvilini öz kabinetlərində qəbul etdilər;
* Çinlə tərəfdaşlığımızın dərinləşdirilməsinə mane oldular;
* kilsə əleyhinə kampaniyaları maliyyələşdirdilər;
* xarici işlər nazirlərini hökumət əleyhinə mitinqlərdə iştirak etdirdilər;
* müxalifətin əvəzinə seçkiqabağı kampaniyalar apardılar;
* bizi seçkiləri saxtalaşdırmaqda ittiham etdilər;
* Avropa Parlamentinin nümayəndə heyətlərini aksiyalarda gərginliyi artırmaq üçün göndərdilər;
* polis əməkdaşlarının və parlamentin yandırılmasını “dinc nümayiş” adlandırdılar;
* bir neçə səfiri üzərimizə qoydular;
* özlərinin dayandırdığı Avropaya inteqrasiyanı bizim üzərimizə atdılar;
* “qara pul” gətirmək üçün qanunun yan keçilməsini açıq şəkildə elan etdilər;
* Moskva mexanizmi üzrə nazirlik əməkdaşını müstəqil ekspert kimi təqdim etdilər;
* kamitlə xalqımızı zəhərləməkdə bizi ittiham etdilər;
* müstəqil televiziya kanallarına sanksiya tətbiq etdilər.
Biz heç kimə hücum etmirik. Bizim tərəfimizdən verilən şərh və bəyanatlar yalnız bütün bu yalan və ədalətsizliyə cavabdır.
Biz özünə hörmət edən xalqın özünə hörmət edən hökumətiyik. Heç kimə milli ləyaqətimizi alçaltmağa imkan verməyəcəyik.
Avro-bürokratlara gəlincə, gec-tez onlar reallıqla üzləşməli olacaqlar. Onlar anlamalıdırlar ki, bütün bu cəhdlərə baxmayaraq, nə bizdə inqilab təşkil edə, nə də müxalifət üçün apardıqları seçki kampaniyaları ilə seçkilərdə bizə qalib gələ biləcəklər.
Bütün bunların əsas təminatçısı, ilk növbədə, gürcü xalqıdır!
Onlar həmçinin bu ən sadə həqiqəti qəbul etməli olacaqlar ki, biz Orta Dəhlizin əsas ölkələrindən biriyik və həqiqətən də Qara dənizə çıxışımız var.
Onlar oturub bizimlə danışacaqlar!
Biz isə bütün səviyyələrdə bəyan etmişik ki, bu qədər ədalətsizliyi unutmağa və münasibətlərə yeni səhifədən başlamağa hazırıq”, – deyə Levan Maçavariani yazıb.


