15 
Sen
2026
13:41
81

Parlament pensiya ödənişləri ilə bağlı cərimələrə amnistiya tətbiqini nəzərdə tutan qanun layihəsinə baxacaq

Gürcüstan parlamenti sürətləndirilmiş qaydada qanunvericilik paketinə baxacaq. Dəyişikliklər qəbul ediləcəyi təqdirdə, pensiya ödənişləri üzrə öhdəliklərin pozulmasına görə tətbiq edilmiş cərimələrə amnistiya elan olunacaq. Lakin bunun üçün işəgötürən pensiya ödənişini və həmin məbləğə hesablanmış dəbbə pulunu tam ödəməlidir.

InterPress.ge xəbər verir ki, bu istiqamətdə “Yığım pensiyası haqqında” qanuna dəyişikliklər layihəsi və ondan irəli gələn 4 qanun layihəsi Maliyyə-Büdcə Komitəsinin iclasında müzakirə olunub. Təşəbbüsü deputatlara komitə sədri Paata Kviçinadze təqdim edib.

Kviçinadzeyə görə, qanun layihəsi 48 069 cəriməyə, 13 488 işəgötürənə və ümumilikdə təxminən 43 milyon lari məbləğində cəriməyə şamil olunacaq.

Layihəyə əsasən, pensiya ödənişinin həyata keçirilməməsinə görə inzibati cəzanın məbləği azaldılır. Hazırda cərimə ilk hal üçün 500 lari, təkrar pozuntu zamanı isə 1 000 lari təşkil edir. Qanunvericilik dəyişiklikləri ilə cərimənin 300 lariyə endirilməsi nəzərdə tutulur.

Bundan əlavə, Pensiya Fondunun mübahisələrə baxılması xidməti yaradılır və onun şikayətlərə baxması və qərar qəbul etməsi qaydaları müəyyənləşdirilir.

Kviçinadzeyə görə, sahibkar cərimələndiyi halda, pensiya ödənişinin məbləğinin 18 aya qədər müddətə hissə-hissə ödənilməsinə imkan yaradılacaq.

“Əgər sahibkar səhvə görə ertəsi gün cərimələnirdisə, bundan sonra da cərimələnəcək, lakin ona həm Gəlirlər Xidmətinin platformasında, həm də Pensiya Fondunun platformasında, SMS və digər texniki vasitələrlə bildiriş göndəriləcək. Bildirişi aldıqdan sonra sahibkarın 10 iş günü ərzində problemi aradan qaldırmaq imkanı olacaq. Əgər bu müddət ərzində məbləği ödəməsə, cərimələnəcək. Bundan sonra isə ona Mübahisələr Komissiyasına şikayət etmək imkanı veriləcək. Mübahisələr Şurası qərar qəbul edənədək icra dayandırılacaq”, - deyə Paata Kviçinadze bildirib.

Kviçinadzeyə görə, “Yığım pensiyası haqqında” qanun qüvvəyə mindikdən sonra məlum olub ki, nəzarət mexanizmi lazımi səviyyədə olmayıb və minlərlə sahibkar öz əməkdaşlarının pensiya hesablarına yüz milyonlarla lari məbləğində ödəniş köçürməyib.

“Buna görə əvvəlki parlament qanun qəbul etdi və pensiya bəyannaməsi gəlir vergisinə bağlanaraq vahid bəyannamədə birləşdirildi. Bu o deməkdir ki, sahibkar öz kodu ilə Gəlirlər Xidmətinin platformasına daxil olur, formanı doldurur və, məsələn, əməkhaqqını 1 000 lari göstərdikdə, sistem avtomatik olaraq nə qədər pensiya ödənişi və nə qədər gəlir vergisi ödəməli olduğunu göstərir.

Ona görə də ‘belə bir ödənişin olduğunu bilmirdim’ deyən şəxsin sözləri, yumşaq desək, düzgün deyil - hər kəs hər şeyi yaxşı bilir. Bəyannamə düzgün doldurulmayıbsa, məbləğ az göstərilibsə və ya ümumiyyətlə ödəniş köçürülməyibsə, sahibkar ertəsi gün cərimələnirdi.

Bu cərimənin məntiqi ondan ibarətdir ki, heç kim hesablamada səhv etdiyini deyə bilməz, çünki bütün məlumatları sistem özü göstərir”, - deyə Paata Kviçinadzə komitənin iclasında bildirib.

Bizimlə əlaqə saxlayın