Gürcüstanda qanunsuz silah və sursat saxlamaqda ittiham olunan 3 xarici vətəndaş saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi və Acarıstan Polis Departamentlərinin əməkdaşlarının birgə keçirdiyi polis əməliyyatı nəticəsində odlu silah və döyüş sursatını qanunsuz olaraq qrup halında əldə edib saxlamaqda ittiham olunan üç xarici ölkə vətəndaşı saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları kompleks şəkildə həyata keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində Tbilisidə təqsirləndirilən şəxslərin müvəqqəti yaşadıqları mənzildə axtarış aparıblar.
Axtarış zamanı maddi sübut kimi onların qrup halında qanunsuz şəkildə əldə edib saxladıqları müxtəlif modellərdə 4 odlu silah, 156 döyüş patronu və 5 daraq götürülüb.
Polis hər üç şəxsi təqsirləndirilən şəxs qismində saxlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 236-cı maddəsinin 6-cı hissəsi ilə istintaq aparılır. Bu maddə 11 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


