08 
Sen
2026
11:42
46

Gürcüstanda birbaşa xarici investisiyalar 23,2% azalıb

İlkin məlumatlara görə, 2026-cı ilin ikinci rübündə Gürcüstanda həyata keçirilən birbaşa xarici investisiyaların həcmi 468,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin ikinci rübünün dəqiqləşdirilmiş göstəriciləri ilə müqayisədə 23,2% azdır.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Milli Statistika Xidmətinin – “Sakstat”ın məlumatına əsasən, azalma əsasən təkrar investisiyaların həcminin aşağı düşməsi ilə əlaqədardır.

Məlumata görə, 2026-cı ilin ikinci rübündə səhmdar kapitalı 210,5 milyon ABŞ dolları təşkil edib ki, bu da birbaşa xarici investisiyaların ümumi həcminin 44,9%-inə bərabərdir. Təkrar investisiyaların həcmi isə 300,5 milyon ABŞ dolları olub və onların ümumi investisiyalardakı payı 64,1% təşkil edib.

“İlkin məlumatlara əsasən, 2026-cı ilin ikinci rübündə investor ölkələrin ilk onluğu arasında Çin 219,5 milyon ABŞ dolları ilə birinci yerdə qərarlaşıb ki, bu da birbaşa xarici investisiyaların ümumi həcminin 46,8%-ini təşkil edir. Böyük Britaniya 123,5 milyon ABŞ dolları (26,3%) ilə ikinci, Birləşmiş Ərəb Əmirlikləri isə 47,7 milyon ABŞ dolları (10,2%) ilə üçüncü yerdədir. Ən böyük üç investor ölkənin payı ümumi investisiyaların 83,3%-ni təşkil edir.

İqtisadi sektorlar üzrə isə ilkin məlumatlara əsasən, 2026-cı ilin ikinci rübündə ən çox birbaşa xarici investisiya maliyyə və sığorta fəaliyyəti sektoruna yönəlib və 207,6 milyon ABŞ dollarına (44,3%) çatıb. Daşınmaz əmlak sektoru 119,9 milyon ABŞ dolları (25,6%) ilə ikinci, emal sənayesi sektoru isə 59 milyon ABŞ dolları (12,6%) ilə üçüncü yerdə qərarlaşıb. Ən böyük üç sektorun həyata keçirilən birbaşa xarici investisiyalardakı ümumi payı 82,4% təşkil edib”, - deyə “Sakstat”ın məlumatında bildirilib.

Bizimlə əlaqə saxlayın