Parlament “Əmək miqrasiyası haqqında” qanuna dəyişiklikləri qəbul edib
Gürcüstan parlamenti “Əmək miqrasiyası haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda sürətləndirilmiş qaydada qəbul edib.
InterPress.ge xəbər verir ki, qanun layihəsi 75 səslə dəstəklənib.
Məlumata görə, dəyişikliklərə əsasən, bəzi hallarda “Əmək miqrasiyası haqqında” qanunun tələbləri xarici vətəndaşların Gürcüstanda işləməsinə şamil olunmayacaq. Bu hallar arasında xüsusi yaşayış icazəsi olan şəxslər, hökumətin müəyyən etdiyi qısamüddətli peşə fəaliyyəti ilə məşğul olanlar, dövlət qurumları və ya dövlət payı olan müəssisələr üçün çalışan şəxslər yer alır.
Eyni zamanda, fəaliyyətini tam şəkildə uzaqdan həyata keçirən və Gürcüstan ərazisinə daxil olmasına ehtiyac olmayan şəxslər, eləcə də qeyri-rezidentlər üçün xidmət göstərən və fəaliyyəti ölkə hüdudlarından kənarda həyata keçirilən şəxslər də bu qanunun tətbiqindən azad olunacaq.
Qanuna əlavə edilən yeni normaya əsasən, xarici vətəndaşlara müəyyən şərtlərlə Gürcüstanda qısamüddətli peşə fəaliyyəti ilə məşğul olmaq üçün ayrıca iş icazəsi və yaşayış icazəsi tələb olunmayacaq. Bu yalnız fəaliyyətin müvəqqəti xarakter daşıdığı, yerli əmək bazarında uzunmüddətli məşğulluq yaratmadığı və konkret layihə, tədbir və ya xidmətlə bağlı olduğu hallara aid ediləcək.


