06 
Apr
2026
14:19
184

Xaricdə olan vətəndaşlar necə əsgərliyə çağırılacaq? - Nazir müavini açıqlama verdi

Gürcüstanın müdafiə nazirinin müavini Qriqol Giorqadze bildirib ki, “Müdafiə Kodeksi”nə nəzərdə tutulan dəyişikliklər əsaslı yeniliklər deyil və yalnız prosedur dəqiqləşdirmələrini nəzərdə tutur.

InterPress.ge xəbər verir ki, Giorqadze jurnalistlərə açıqlamasında qeyd edib ki, qanun layihəsində xaricdə olan çağırışçının hərbi xidmətə çağırış bildirişi alan kimi dərhal Gürcüstana qayıtmaq öhdəliyi nəzərdə tutulmur.

Onun sözlərinə görə, bu hallarda çağırışçıya işlərini başa çatdırması üçün “məqbul müddət” veriləcək.

Nazir müavini əlavə edib ki, xaricdə təhsil alan şəxslər müvafiq sənəd təqdim etdikləri halda möhlət hüququ əldə edəcəklər.

“Necə ki, ölkə daxilində tələbə statusu möhlət üçün əsasdır, xaricdə təhsil alan şəxslər də bu hüquqdan istifadə edə biləcəklər”, – deyə Giorqadze bildirib.

O həmçinin vurğulayıb ki, fərdi hallarda – əgər hərbi xidmət şəxsin karyerasına, həyatına və ya təhsilinə ciddi zərər vurursa – xüsusi komissiya bu məsələləri ayrıca qiymətləndirəcək.

Nazir müavininin sözlərinə görə, çağırışla bağlı bildiriş mexanizmi də yeni deyil və artıq digər dövlət qurumlarında tətbiq olunur. Bildirişlər müxtəlif vasitələrlə – telefon zəngi, SMS, elektron poçt, poçt vasitəsilə və ya ünvan üzrə təqdim ediləcək.

Yalnız bu üsullar nəticə vermədikdə məlumat rəsmi internet səhifəsində yerləşdiriləcək və müəyyən müddətdən sonra təqdim olunmuş hesab ediləcək.

Giorqadze qeyd edib ki, çağırışdan yayınma hallarında mövcud qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək və belə hallarda 1000 lari məbləğində cərimə tətbiq oluna bilər.

Xatırladaq ki, Gürcüstan parlamentinin müdafiə komitəsi “Müdafiə Kodeksi”nə dəyişiklikləri birinci oxunuşda artıq dəstəkləyib.

Bizimlə əlaqə saxlayın