02 
Apr
2026
11:46
235

İsveçrə Gürcüstanın diplomatik pasport sahibləri üçün viza məhdudiyyəti tətbiq edib

İsveçrə Federal Şurası Gürcüstanın diplomatik və rəsmi pasport sahibləri üçün viza tələbi tətbiq edilməsi barədə qərar qəbul edib.

InterPress.ge xəbər verir ki, qurumun yaydığı məlumata əsasən, 3 apreldən etibarən İsveçrəyə daxil olmaq üçün Gürcüstanın diplomatik, rəsmi və ya xidməti pasportuna malik şəxslər viza almalıdırlar.

Qeyd olunur ki, bu qərar 1 aprel tarixində keçirilən iclasda qəbul olunub və 12 ay müddətində qüvvədə qalacaq. Məhdudiyyət Gürcüstanın digər vətəndaşlarına şamil edilmir.

Bununla yanaşı, bəyanatda bildirilir ki, İsveçrə ilə Gürcüstan arasında vizaların verilməsinin sadələşdirilməsi ilə bağlı sazişin bir sıra müddəaları dayandırılıb.

Qərarın qəbulunda Avropa İttifaqı-nın son addımları da rol oynayıb. Belə ki, Aİ üçüncü ölkələrə qarşı viza dayandırma mexanizmini gücləndirib və insan hüquqları pozuntuları fonunda Gürcüstanla bağlı bu mexanizmi tətbiq edib. Nəticədə, Aİ ötən il gürcü diplomatları və dövlət məmurları üçün vizasız rejimi 12 ay müddətinə dayandırıb.

Bildirilib ki, bu qərar Şengen qanunvericiliyinin inkişafı çərçivəsində İsveçrənin öhdəliklərinə uyğun olaraq qəbul edilib və ölkəyə giriş və viza qaydalarına dəyişiklik edilməsini nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər