01 
Apr
2026
23:26
201

Avropa Şurası: Gürcüstanda yerli demokratiya təhlükə altındadır

Avropa Şurası-nın Yerli və Regional Hakimiyyətlər Konqresi Gürcüstanla bağlı tövsiyələrin qəbulundan sonra bəyanat yayıb.

InterPress.ge xəbər verir ki, bəyanata əsasən, ölkədə yerli demokratiya sürətli demokratik geriləmə, yerli hakimiyyətlər üzərində birpartiyalı idarəçilik və əvvəlki tövsiyələrin yerinə yetirilməməsi fonunda ciddi risk altındadır.

Konqres bildirib ki, fərqli fikirlər – xüsusilə gənclər, vətəndaş cəmiyyəti və media nümayəndələri – getdikcə daha çox təhdid, həbslər və cinayət təqibləri ilə üzləşir ki, bu da fundamental azadlıqları məhdudlaşdırır.

Bəyanatda həmçinin vurğulanır ki, son onilliklərdə ilk dəfə olaraq 2025-ci il yerli seçkiləri etibarlı beynəlxalq və yerli müşahidə missiyaları, o cümlədən Konqres olmadan keçirilib və müşahidəçilərin hüquqları məhdudlaşdırılıb.

Konqresin qənaətinə görə, Gürcüstan hakimiyyəti siyasi dialoqu təşviq edə bilməyib və 2025-ci il seçki prosesinə ictimai etimadı təmin etməyib. Nəticədə seçkilər bəzi bələdiyyələrdə birpartiyalı rəqabət şəraitində keçirilib, digərlərində isə müxalif namizədlərə təzyiq iddiaları səsləndirilib. Bundan əlavə, müxalifət partiyalarının qadağan edilməsinə cəhdlər, müxalif nümayəndələrin saxlanılması və onlara qarşı cinayət işlərinin açılması siyasi plüralizmi daha da zəiflədib.

Konqres üzvləri Gürcüstan hakimiyyətini bütün səviyyələrdə inklüziv siyasi proses vasitəsilə dialoqu təcili şəkildə bərpa etməyə çağırıblar. Məqsədin isə siyasi qütbləşməni azaltmaq və plüralist demokratiya üçün vacib olan balans və nəzarət mexanizmlərini bərpa etmək olduğu qeyd edilib.

Bəyanatda əlavə olunur ki, hakimiyyətə bir sıra çağırışlar da edilib. Bunlara müxalif fikrin kriminalizasiyasının dayandırılması, müxalifət partiyalarının qadağan edilməsinə şərait yaradan dəyişikliklərin ləğvi, Konqresin və Venesiya Komissiyası-nın tövsiyələrinin icrası, həmçinin Avropa standartlarına zidd olan və seçkilərin müşahidəsini məhdudlaşdıran seçki qanunvericiliyinin dəyişdirilməsi daxildir.

Bundan başqa, insan hüquqlarını pozan bütün qanunların ləğv edilməsi və yerli özünüidarəetmə üzrə Avropa Xartiyasına uyğun real yerli demokratiyanın bərpası da tövsiyə olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər