POLITICO: Yaxın Şərqdə uzunmüddətli münaqişə Avropada enerji qiymətlərini artıra bilər
POLITICO nəşri yazır ki, Avropa İttifaqı fosil yanacağın demək olar ki, hamısını idxal edir və bu amil onu geosiyasi münaqişələr qarşısında həssas vəziyyətə salır.
Məqalədə qeyd olunur ki, Yaxın Şərqdə mümkün uzunmüddətli qarşıdurma enerji resurslarının qiymətinin artmasına səbəb ola bilər. Bu isə artıq mürəkkəb iqtisadi vəziyyətdə olan Aİ-yə əlavə təzyiq göstərəcək və blokun xarici fosil yanacaqdan demək olar ki, tam asılılığını daha da qabarıq şəkildə ortaya qoyacaq.
Nəşrin məlumatına görə, ABŞ və İsrailin İrana hücumlarından sonra həftəsonu Fars körfəzindən neft və qaz tədarükü böyük ölçüdə dayanıb. Bildirilir ki, İran qüvvələri Hörmüz boğazından keçən gəmilərə xəbərdarlıq edib. Bununla belə, qeyd olunur ki, bu hal Avropaya dərhal təsir etməyəcək, çünki Hörmüz boğazından daşınan və qlobal neft ticarətinin təxminən 20 faizini təşkil edən enerji resurslarının böyük hissəsi Asiya bazarına yönəlir.
Brüsseldə yerləşən Bruegel analitik mərkəzinin baş elmi işçisi Simone Talyapietra bildirib ki, “Hörmüz boğazında istənilən fasilə dərhal qiymət artımına səbəb olacaq və bu, fiziki idxal marşrutları məhdud olsa belə, Avropaya zərər verəcək”.
Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun aparıcı enerji analitiki Anna Mariya Yaller-Makareviç isə vurğulayıb ki, böhranın dərinliyi müharibənin davametmə müddətindən asılı olacaq. Onun sözlərinə görə, əgər vəziyyət bir-iki həftə və ya bir ay ərzində həll olunsa, nəticələr daha məhdud olacaq. Lakin münaqişə Ukrayna müharibəsi kimi illərlə davam edərsə, Avropa üçün nəticələr ciddi ola bilər.
Məqalədə xatırladılır ki, Avropa İttifaqı artıq Rusiya neft və qazından imtina prosesini davam etdirir və eyni zamanda ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxalından artan asılılığın riskli ola biləcəyindən narahatdır. Bildirilir ki, Aİ–ABŞ münasibətləri cari ildə ən aşağı səviyyələrdən birinə düşüb.
“Düşünürəm ki, bu, Avropa üçün panika anıdır”, – deyə Yaller-Makareviç qeyd edib.
Onun sözlərinə görə, dörd il əvvəl – Rusiyanın Ukraynaya müdaxiləsindən sonra – oxşar problemlər mövcud idi. Lakin hazırda vəziyyət daha mürəkkəbdir: “İndi bizi təkcə Rusiya deyil, həm də Qətər, ABŞ və digər mənbələr narahat edir. Başqa mənbələrdən asılılığı artırdıqca, eyni zamanda öz həssaslığımızı da artırmışıq”.


