Rustavidə supermarket əməkdaşını bıçaqlayan yeniyetmə saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları sağlamlığa qəsdən az ağır xəsarət yetirmə ittihamı ilə əvvəllər məhkum olunmuş, hazırda şərti cəza altında olan 2010-cu il təvəllüdlü T.M.-ni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 118-ci maddəsinin birinci hissəsi üzrə istintaq aparılır. Sözügedən maddə 4 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində Rustavi şəhərində yerləşən supermarketlərdən birinin məsləhətçi-satıcısı, 2003-cü il təvəllüdlü L.K.-ni soyuq silahla yaralayıb və hadisə yerindən qaçıb.
Yaralanan şəxsə müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxs cinayətdən qısa müddət sonra, isti izlərlə saxlanılıb.


